media-17882488535554934928_1200x630

BMT-nin beş xüsusi məruzəçisi Avropa Parlamentinin deputatı, “Əyilməz Fransa” (La France insoumise LFI) partiyasının üzvü Rima Hassanla bağlı Fransada aparılan məhkəmə prosedurları ilə əlaqədar hökumətə rəsmi müraciət edib.

ERAmedia xəbər verir ki, bu barədə LFI yaydığı açıqlamada bildirib. Partiyanın məlumatına görə, BMT ekspertləri Rima Hassanın ictimai mövqeyinin ictimai debat və ümumi maraq doğuran məsələlər çərçivəsində olduğunu vurğulayıblar.

LFI-nin məlumatına görə, məruzəçilər deputat barəsində çoxsaylı araşdırmaların aparılmasından, bu araşdırmaların demək olar ki, hamısının nəticəsiz başa çatmasından, təkrar dindirmələrdən və polis nəzarətində saxlanılmasından narahatlıq ifadə ediblər.

Ekspertlər bu tədbirlərin məhkəmə və siyasi təqib xarakteri daşıya biləcəyini bildiriblər. Onların fikrincə, bu hallar ifadə və fikir azadlığı, şəxsi həyatın toxunulmazlığı, sərbəst toplaşmaq azadlığı, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi, eləcə də ictimai həyatda iştirak hüququ da daxil olmaqla, bir sıra insan hüquqlarının pozulmasına səbəb ola bilər.

Məruzəçilər Fransada Fələstin xalqının hüquqlarını müdafiə edən şəxslərə qarşı təzyiqlərin artmasından da narahat olduqlarını bildiriblər. Onların fikrincə, terrorçuluğun təbliği ilə bağlı hüquqi müddəalardan istifadənin genişlənməsi, hətta məhkumluqla nəticələnmədiyi hallarda belə, ifadə azadlığına və demokratik plüralizmə çəkindirici təsir göstərə bilər.

Fransadan rəsmi izahat tələb olunur

BMT məruzəçiləri Fransa hökumətindən Rima Həsənin polis nəzarətində saxlanılmasının əsaslarını və bu tədbirin mütənasibliyini izah etməyi, mediaya məlumat sızdırılması ilə bağlı iddialara, təkrar dindirmələrə və deputata qarşı tətbiq edilən digər nəzarət tədbirlərinə aydınlıq gətirməyi tələb ediblər.

Onlar, həmçinin Fransadan “terrorçuluğun təbliği” maddəsinin təkrar tətbiqinin ölkənin ifadə azadlığı ilə bağlı beynəlxalq öhdəliklərinə nə dərəcədə uyğun olduğunu açıqlamasını istəyiblər.

LFI BMT məruzəçilərinin müraciətini “Fransada hüquqi dövlətin geriləməsi və ədliyyənin siyasi debatların qarşısını almaq üçün alətə çevrilməsi ilə bağlı ciddi siyasi xəbərdarlıq” kimi qiymətləndirib.


media-adspc

Bənzər xəbərlər