media-mina-1701936545

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sentyabrın 1-dən “Minaaxtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi” adlı yeni layihənin icrasına başlayır.

ERAmedia xəbər verir ki, layihə Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə yeni mina qurbanlarının qarşısını almaqdır. Həmçinin kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün minaların təmizlənməsinin sürətləndirilməsidir. Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər minalarla çirklənmiş ərazinin yoxlanılmasına və minaların aşkarlanmasına çox böyük töhfə verə bilir. Bu baxımdan layihənin digər əsas məqsədi minatəmizləmə potensialının gücləndirilməsi, təhlükəli ərazilərin daha qısa müddətdə təhlükəsiz vəziyyətə gətirilməsinə dəstək göstərilməsi və nəticə etibarilə mülki əhalinin təhlükəsizliyinin artırılmasıdır.

Məlumdur ki, minaaxtaran itlər məsafədən idarə olunan texnikanın və ya minaları müəyyən edən detektorların hərəkətinin məhdud olduğu çətin relyefli ərazilərdə, meşəliklərdə və sıx bitki örtüyü olan sahələrdə səmərəli şəkildə fəaliyyət göstərə bilirlər. Detektorlar ərazidəki istənilən metal parçasına (məsələn məftil qırıqlarına) reaksiya verdiyi üçün belə sahələrdə işləmək çətindir və çox vaxt aparır. Minaaxtaran itlər isə metala deyil, bilavasitə partlayıcı maddənin qoxusuna reaksiya verdikləri üçün belə çirklənmiş ərazilərdə daha sürətli və dəqiq nəticə göstərirlər.

Bu layihə çərçivəsində iki minaaxtaran itin alınması, beynəlxalq standartlara uyğun müvafiq prosedurlardan keçirildikdən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) həyata keçdiyi minatəmizləmə əməliyyatlarına cəlb olunması nəzərdə tutulur.


media-adspc

Bənzər xəbərlər