“Müsəlmanların üç əsas düşmənindən biri”nə rəsmi qadağa qoyuldu
Toliban lideri Hibatullah Axundzadə fərmanı ilə qruplaşma üzvlərinə və Əfqanıstandakı dövlət qulluqçularına smartfonlardan istifadə etməyi qadağan edib.
ERAmedia xəbər verir ki, bu barədə “Afghanistan International” telekanalı mövcud rəsmi sənədə istinadən məlumat yayıb.
Tolibanın Ədliyyə Nazirliyi fərmanı ölkənin səkkiz zonasında fəaliyyət göstərən hərbi məhkəmələrin rəhbərlərinə göndərib.
Həmin zonalardakı polis komandirləri və kəşfiyyat xidmətlərinin rəhbərləri bu barədə məlumatlandırılıb.
Sənədə əsasən, hərbi məhkəmə rəsmilərinə əmrin tam yerinə yetirilməsini təmin etmək və Toliban rəhbərliyinə onun icrası ilə bağlı məlumat vermək tapşırılıb. Həmçinin nəzarət altında olan hər bir şəxsin adı, vəzifəsi, xidmət yeri, mobil operatoru və telefon nömrəsinin qeyd edildiyi xüsusi nəzarət siyahısı yaradılıb.
Bundan əlavə, rəsmilərə tabeçiliyində olan personal arasında sərəncama əməl olunduğunu təsdiqləmək tapşırılıb. Qaydanı pozanları hərbi məhkəmədə məsuliyyətə cəlb olunma gözləyir.
Bundan əvvəl isə Toliban smartfonların istifadəsinə və canlı varlıqların şəkillərinin dərcinə məhdudiyyətlər qoymuşdu. 2025-ci ildə Axundzadə Toliban üzvlərini smartfon istifadəsini azaltmağa çağırmış, ali təhsil naziri isə cihazı “müsəlmanların üç əsas düşmənindən biri” adlandırmışdı.
Ural Dəyirmançı










