Nepalda baş verən daşqında ölənlərin sayı açıqlanıb
Nepalın şimal hissəsində Rasuva rayonunda baş verən daşqın nəticəsində ölənlərin sayı 157-yə çatıb.
ERAmedia-nın məlumatına görə, bu barədə Nepal polisi açıqlama verib. Təbii fəlakət nəticəsində xəsarət alan 41 nəfər xəstəxanalara yerləşdirilib.
Nepalın Turizm Bürosunun məlumatına görə Rasuva bölgəsində baş verən daşqın nəticəsində 403 turist itkin düşüb. Onlardan 341-i əcnəbi, 62-si isə nepallıdır. Büronun icraçı direktoru Hikmət Sinqh Ayer deyib ki, turistlər Qosaykunda gölünə və Kaylaş Mansarovar pirinə gedənlər olub. Əcnəbi turistlərin əsas hissəsini Hindistan vətəndaşları təşkil edir. Bundan başqa, ABŞ, Avstraliya, Böyük Britaniya, Kanada, Malayziya, Ukrayna və digər ölkələrin vətəndaşları da itkin düşənlər arasındadır.
Qeyd edək ki, Rasuva rayonunda Nepalın Çin ilə sərhədi yaxınlığında çayda suyun səviyyəsinin qəfil qalxması nəticəsində güclü daşqın baş verib. Nəticədə çayın sahilində yerləşən yaşayış məntəqələri, habelə tikilməkdə olan su elektrik stansiyası, yollar su altında qalıb. Nepalın Baş naziri Balendra Şah hökumətin təcili iclasını çağırıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına və axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı, hərbçilər də cəlb olunub. Daşqın Nepal-Çin sərhəd-keçid məntəqəsinin Çin tərəfində də dağıntıya və insan tələfatına səbəb olub. Son məlumata görə daşqın və palçıq axını səbəbindən Çin tərəfdə 3 nəfər ölüb, 265 nəfər itkin düşüb.









