Netanyahu Trampla razılaşdı – Vaxt verəcək
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı zamanı İranın zərbələrinə cavabı təxirə salmağa və Vaşinqtona Tehranla razılaşma əldə etmək üçün vaxt verməyə razı olub.
ERAmedia xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, “Netanyahu əvvəlcə etiraz etsə də, sonda geri çəkilməyə razı olub”, – deyə amerikalı rəsmi bildirib.
Onun sözlərinə görə, Netanyahu ilə Tramp arasındakı bu dəfəki danışıq ötən həftə baş tutan gərgin müzakirədən daha sakit keçib.
“Biz hesab edirik ki, prezident bir qədər vaxt qazandı. O, İranla razılaşmaya çox yaxın olduqlarını kifayət qədər qəti şəkildə bildirir. Düşünmürəm ki, yaxın vaxtlarda İsrailin zərbələrinə bənzər addımlar olsun”, – deyə “Axios”un həmsöhbəti qeyd edib.
Daha əvvəl Tramp “Financial Times”a müsahibəsində bildirmişdi ki, Netanyahu ABŞ və İran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etmək məcburiyyətində qalacaq. “Bütün qərarları mən verirəm. O (Netanyahu) qərar vermir”, – deyə ABŞ prezidenti vurğulayıb.
O həmçinin qeyd edib ki, İranın İsrailə hücumları onun Tehranla diplomatik həllə nail olmaq niyyətini dəyişməyib.
İsrail Müdafiə Ordusunun məlumatına görə, bazar günü axşam 8 apreldən bəri ilk dəfə İran tərəfindən atılan ballistik raketlər ələ keçirilib.
Öz növbəsində, İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, raket zərbəsi “İsrail rejiminin Livandakı genişmiqyaslı cinayətlərinə cavab” olub və bu hadisələr mülki əhalinin öldürülməsi və kütləvi köçkünlüyə səbəb olub.









