Nizami yurdunda qanunları "küçə" diktə edir?
Kubra Məhərrəmova yazır…
Bir zamanlar adını tarix kitablarına qəhrəmanlığı ilə yazdıran Gəncə bu gün kriminal hadisələrin zənginliyi ilə xəbər saytlarında boy verir.
Gəncə orta əsrlərdə Şərqin parlaq elm və mədəniyyət ocaqlarından biri olmaqla yanaşı, iqtisadi və siyasi baxımdan böyük əhəmiyyət kəsb edib. Ticarət yollarının kəsişməsi, mədəniyyətlərin bir-birinə qarışması şəhəri məşhur və varlı edib. Təsadüfi deyil ki, Nizami Gəncəvi də bu şəhərin adını özünə təxəllüs kimi seçib.
Digər tərəfdən isə Gəncə şəhəri və onun camaatı döyüşkən və düşmənə boyun əyməyən qövm olub. Ən azı, bunu sübut edən tarixi hadisələr mövcuddur.
Sadəcə, bu iki tarixi epizodu yada sala bilərik: 1804-cü ildə Cavad xanın işğalçı rus qoşunlarına qarşı göstərdiyi müqavimət hərəkatı; 1920-ci ildə sovet işğalına qarşı gəncəlilərin göstərdiyi silahlı müqavimət – Gəncə üsyanı. Elə bu iki epizodla Gəncə şəhərinin məğrurluğunu və gəncəlilərin döyüşkənliyini, düşmən qarşısında təslim olmadığın görürük.
Lakin Gəncənin Azərbaycan tarixində daha müstəsna yeri var ki, bu da onun düz iki dəfə ölkənin paytaxtı olmasıdır. Şəddadilər sülaləsinin paytaxtı (971-1088) kimi və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı və fəaliyyət mərkəzi kimi. Gəncə, sadəcə, Azərbaycanın böyük və tarixi şəhəri deyil, Gəncə həm də cümhuriyyət beşiyidir.
Nostalji hisslərə qapılmadan reallığa qayıdanda son illər Gəncədə baş verənlər adamı narahat etməyə bilmir. Şəhərdə kriminal hadisələrin başvermə sürəti ən yüksək səviyyədədir.
Qısa xülasə:
Narkotik dövriyyəsi: 2026-cı ilin mart ayında keçirilən əməliyyat nəticəsində “qara bazar” dəyəri 1 milyon 600 min manat olan 27 kiloqramdan çox narkotik vasitə (əsasən, heroin) aşkar edilərək dövriyyədən çıxarılıb.
Ağır cinayətlər: 2025-26-cı illərdə müxtəlif bıçaqlanma, qəsdən adamöldürmə və odlu silahdan istifadə edilməklə törədilən cinayətlər qeydə alınıb. Xüsusilə yeniyetmələr arasında baş verən bıçaqlanma halları ictimaiyyətdə geniş müzakirə olunub. Bu məsələyə ayrıca qayıdacağıq.
Kriminal elementlər: Hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı “kriminal avtoritet” kimi tanınan şəxslərə və qruplaşma üzvlərinə qarşı əməliyyatlar keçirilir, həbs olunurlar və s.
Amma vəziyyət dəyişmir, yeniyetmə və cavanlar arasında mübahisələr çox zaman ölümlə bitir.
Bir neçəsini yadımıza salaq.
Gəncədə 2003-cü il təvəllüdlü Z.Rzayev tanışı olan 17 yaşlı yeniyetmə (Ö.Tağızadə) tərəfindən bıçaqlanaraq qətlə yetirilir (yanvar, 2026).
Şəhər ərazisindəki orta məktəblərdən birinin qarşısında 2010-cu il təvəllüdlü N.Məmmədov bel nahiyəsindən bıçaq xəsarəti alır (yanvar, 2026).
2009-cu il təvəllüdlü E.Əliyev ayaq nahiyəsindən öz dostu tərəfindən bıçaqlanır (noyabr, 2025).
“Mahrasa bağı” adlanan ərazidə yeniyetmə 18 yaşlı şəxs tərəfindən öldürülür (oktyabr, 2025).
13 yaşlı yeniyetmə K.Qurbanov dostu tərəfindən bıçaqlanır. Diqqət: 13 yaş!
Və dünənki hadisə kriminalın daha da aşağı yaş həddinə düşməsi barədə siqnal verir. Gəncə şəhərindəki 20 nömrəli orta məktəbdə 4-cü sinif şagirdi 2-ci sinif şagirdinə bədən xəsarətləri yetirib. Zərərçəkmiş şagirdin nənəsi M.N. bildirir ki, uşaq dəfələrlə həmin qız tərəfindən zorakılığa məruz qalıb:
“Uşağımı məktəbdə ilk dəfə deyil ki, incidirlər. 4-cü sinif şagirdi onu tualetdə döyüb, nəticədə o, sıyrıqlar və qançırlar alıb. Məktəb rəhbərliyinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu qızla bağlı heç bir tədbir görülmür”.
Hadisənin icmalından belə çıxır ki, Gəncə məktəblərində bu, artıq adi hal alıb. 9-10 yaşlı uşaqlar bir-birinə qarşı zorakılıq törədir və məktəb rəhbərliyi buna adi hal kimi yanaşır.
Uşaqlar da öz növbəsində cəzasızlığı görüb zorakılığı daha da artırır və bu da bir gün bıçaqlanma və ölümlə bitir.
İndi isə sual – niyə məhz Gəncə kriminal paytaxta çevrildi?
Bu həm sosial, həm də psixoloji problemdir. Gəncədə kriminal submədəniyyətin (küçə qanunlarının) yeniyetmələr üçün cəlbedici olmasının arxasında bir sıra səbəblər durur.
İlk növbədə, “məhəllə institutu” və romantikləşdirilmiş kriminallıq. Məhəllə anlayışı əvvəllər hörmət, sədaqət, əxlaq və tərbiyə sütunları üzərində formalaşmışdısa, bu gün o, ilkin təyinatından çox uzağa gedib. Yeniyetmələr arasında sosial şəbəkədə (“TikTok”, “Instagram”) kriminal musiqilərin (meyxanalar, “vorovskoy” mahnılar) fonunda bıçaq və ya silah görüntüləri ilə paylaşımlar etmək trend halını alıb. Bunu onlar “sözükeçən adam” olmağın qısa yolu kimi dərk edirlər. Beynin bir küncündə isə “adam vurmaq” kiminsə həyatına son qoymaq deyil, “polojna” (yəni “qayda belədir”) ideyası kimi özünə yer edir. Onlar və ətrafı buna cinayət kimi deyil, əsl kişi modelinin təsdiqi kimi yanaşırlar.
İkinci vacib məqam. Təhsilin, sosial mühitin, mədəniyyətin və hüquq qaydalarının təsirindən uzaq qalan yeniyetmələrin özünə “avtoritet” kumir axtarması qaçılmaz olur. Bu isə çox vaxt sağlam dəyərlərə deyil, zorakılığı və aqressiyanı normallaşdıran davranış modellərinə yönəlməklə nəticələnir – yəni kişi vuran-yıxan olmalı, sözünü keçirməlidir fikri qətiləşir. 2025-26-cı illərdə törədilən bir çox bıçaqlanma hadisələrində cinayəti törədən yeniyetmələr ifadələrində “şərəfimi qorudum”, “məni saymadı” və ya “kişi belə etməzdi” kimi ifadələr işlədirlər. Bu isə “küçə qanunları”na üstünlük verildiyini göstərir.
Qeyd edim ki, Gəncənin bəzi qəsəbə və məhəllələrində (Gülüstan, “Mahrasa bağı”, Yeni Qəsəbə) gənclər arasında kriminal keçmişi olan şəxslərə “ağsaqqal” kimi baxılması halları onu göstərir ki, mühit nəinki qeyri-sağlamdır, bu insanlar üçün reallıq artıq çərçivədən çıxıb. Bunun üzərinə qanunla qadağan olunmuş psixotrop maddələrin istifadəsini də gəlsək, bu nəsil yeniyetmə və cavanların hadisələrə adekvat dəyər verəcəyi böyük şübhə altındadır.
Təəssüf ki, Gəncə küçələri uşaq və yeniyetmələri doğru tərbiyə edə bilmir.
Məktəbyaşlı uşaqların cinayətə meyilliliyi onların vaxtlarını çayxana və ya internet klubu mühitində, özlərindən yaşca böyük olan və kriminalameyilli şəxslərin yanında keçirməsi ilə birbaşa bağlıdır. Uşaq gördüyü rol-modeli təqlid edir.
Bu uşaqlardan isə çox vaxt narkotik vasitələrin dövriyyəsində kuryer kimi istifadə olunur.
2026-cı ilin martındakı böyük əməliyyatda (27 kq narkotik) saxlanılanlar arasında gənclərin olması təsadüfi deyil. Narkotik mühiti avtomatik olaraq özü ilə bıçaq və silah gəzdirməyi, “haqq-hesab” çürütməyi də gətirir. Beləliklə, kələfin ucu qaçır və sonu ya həbslə, ya da ölümlə bitir.
Bəs cəmiyyət bu uşaqları qorumaq üçün nə edir? Axı heç bir narkokuryer, cinayətkar doğulandan belə olmur. Düşdüyü mühit onu bu vəziyyətə sürükləyir.
Bu gün məktəb rəhbərliyinin zorakılığı “uşaq davası” adlandırıb ört-basdır etməsi gələcəkdə cinayətkara cəzasızlıq hissi verir.
Gəncədəki 20 nömrəli məktəbdəki hadisədə 4-cü sinif şagirdinin zorakılığına tədbir görülməməsi o deməkdir ki, həmin uşaq 8-ci sinifdə artıq əlinə bıçaq almağı normal sayacaq. Çünki ona “dur” deyən sistem yoxdur. Cəmiyyətdə savad-bilik, karyera qurmaq dəstəklənmir. Əksəriyyət asan əldə olunan gəlir və hörmət üçün çalışır. Qohum-qonşu istənilən fərdin mənəvi və peşəkar inkişafında maraqlı deyil. Əsas – “sözü keçsin” və cibində pulu olsun. Bunu hansı yolla əldə etməsi isə vacib deyil.
Nə vaxt ki cəmiyyətdə kitab oxumaq bıçaq gəzdirməkdən daha kişi hərəkəti sayılacaq, o zaman insanlar bir-birinə biliyi ilə qalib gələcəklər. Daha “Mahrasa bağı”nda bir-birini qanına qəltan etməyəcəklər.
Əgər bu gün bu problemi həll etməsək, sabah hamımız əlibıçaqlı yeniyetmələrlə üz-üzə gələcəyik. Hansısa qaranlıq küçədə, əyri döngədə cəmiyyət təhdid olunacaq.
Kiminsə qolu güclü olacaq, vurub yeniyetməni öldürəcək. Kimsə zəif olacaq, onu da yeniyetmə öldürəcək. Bütün hallarda həqiqətlə üzləşmə qaçılmazdır. Onunla bu gün üzləşsək, daha az qanla həll edə bilərik.










