Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

Azərbaycan ədəbiyyatı nümunələrinin bədii düşüncə meydanına, sınaq müstəvisinə gətirilməsi, təşəkkülü, inkişaf mərhələləri qədim və zəngin ənənələrə malik olduğu qədər də humanitar filoloji fikrimizin, ədəbiyyatşünaslıq elmimizin aparıcı, fundamental bir qolu olan ədəbiyyat tarixçiliyi də bir o qədər yeni, gənc və perspektivli elmi-tədqiqat sahəsidir.
Böyük maarifçi Firidun bəy Köçərli 1903-cü ildə Tiflisdə çap etdirdiyi “Azərbaycan türklərinin ədəbiyyatı” adlı kitabçası ilə ədəbiyyat tariximizin bünövrəsini, təməl daşını qoydu. Xüsusilə postcümhuriyyət dövründə yeni nəsil ədəbiyyat tarixçiləri meydana gəldi, elmi prinsiplərə əsaslanan dövrləşmə metodologiyasını, icmal və elmi-tarixi portret janrının meyarlarını müəyyən edərək zamanın çağırışlarına cavab verən kollektiv tədqiqat əsərləri yaradıldı. İftixar hissi ilə onlardan Əmin Abid, İsmayıl Hikmət, Salman Mümtaz, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mir Cəlal Paşayev, Mirzağa Quluzadə, Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Cəfər Xəndan, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev, İsa Həbibbəyli və digərlərinin adlarını, ədəbiyyatşünaslıq elmimizə verdikləri misilsiz töhfələrini, müstəsna xidmətlərini qədrşünaslıqla vurğulamaq mümkündür.
Sələflərinin sırasında ləyaqətlə, əzmlə, fədakarlıqla dayanan, onların zəngin filoloji ənənələrini uğurla, peşəkarlıqla davam etdirən, istedadı və zəhməti sayəsində humanitar düşüncəmizə elmi yeniliklər, innovativ ideyalar, baxışlar bəxş etmiş görkəmli ədəbiyyatşünas alimlərimizdən biri də Qarabağ müharibəsinin veteranı, Müdafiə Nazirliyinin ehtiyatda olan kapitanı, Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatı laureatı, Özbəkistan Prezidentinin “Mənəviyyat fədaisi” medalının kavaleri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir. Onun yeni – 2024-2025-ci illərdə “Qanun” nəşriyyatında nəşr olunmuş üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı fundamental dərsliyi şübhəsiz ki, uzun illərdən bəri, yorulmaq bilmədən apardığı davamlı araşdırmaların uğurlu nəticəsidir.
Professor Bədirxan Əhmədli tutumlu elmi yaradıcılığa “Sabit Rəhmanın satirası” (1998) monoqrafiyası ilə başlamış, şair, ədəbiyyat tarixçisi Əmin Abidin həyat və yaradıcılığı haqqında yazdığı “Bir istiqlal yolçusu” (2003) adlı elmi işi ilə davam etdirmiş, tədqiqatda “istiqlal yolçusu”nun həm də “Dədə Qorqud” eposunun ilk azərbaycanlı araşdırıcısı olduğuna aydınlıq gətirmiş, onun “Azərbaycan türklərinin ədəbiyyat tarixi”nin (1922-1927) elmi-nəzəri istiqamətlərini – yeni metod və konsepsiyalarını ilk dəfə sistemli təhlil edərək dəyərləndirmişdir. B.Əhmədli son illər çap etdirdiyi “XX yüzil Azərbaycan ədəbiyyatı tarixi” (2011, 476 s.), “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” (2015, 556 s.), “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” (2017, 376 s.) və s. tədqiqatları, respublikanın Dövlət mükafatına təqdim edilmiş üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi: icmallar, təhlillər, portretlər” adlı fundamental elmi işinin ali təhsil müəssisələrinin bakalavr və magistr pillələri üçün nəzərdə tutulmuş, təməl, zəmin, hazırlıq mərhələsini özündə ehtiva edir. Mövzuların toxunduğu problemlər, cərəyanlar, axınlar zəngin və rəngarəngdir. Zaman etibarilə dövrün əhatə dairəsi yüzilliyin hüdudlarını aşmaqla mahiyyətində, məzmununda canlı ədəbi-mədəni həyatın, tarixi-sosial mühitin ağrılı, kədərli yükünü daşımaqdadır.
“XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi XIX əsrin ikinci yarısından başlayaraq postcümhuriyyət dövrünəqədərki ədəbi-mədəni, ictimai-siyasi təbəddülatları bütün yönləri, istiqamətləri ilə dolğun əhatə etmişdir. Birinci kitab üç fəsil və dörd bölümdən ibarətdir. Tədqiqatçı-alim milli hərəkatın mənbə və qaynaqlarına milli şüurun təşəkkülündə M.F.Axundzadənin, H.B.Zərdabinin maarifçilik ideyalarının vüsət almasından başlamış, “Əkinçi”, “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə” və b. mətbuat orqanlarının milli dəyərlərə söykənən missiyasının proqram xarakterli perspektiv planından yeni faktlar əsasında söz açmışdır. XX əsr milli düşüncənin təşəkkülünə güclü təkan vermiş, yeni qüvvələr mətbuatın səlahiyyətindən barınaraq birlik, bütövlük, azadlıq və istiqlal uğrunda mübarizəyə qoşulmuşlar. “Füyuzat” və “Molla Nəsrəddin” ədəbi məktəbləri tədqiqat işində dərindən araşdırılmış, sovet ədəbiyyatşünaslığının eyni xalqın övladlarına məxsus bu iki jurnalı qarşı-qarşıya qoyması tendensiyasından əl çəkilmiş, həm Əli bəy Hüseynzadənin türkçülük məfkurəsi, həm də Cəlil Məmmədquluzadənin xalqçılıq düşüncələri bir millətin inkişafında, yüksəlişində qoşa qanad kimi təqdim edilmişdir. Cümhuriyyətəqədərki dönəmin mətbuat orqanları və onların fəal nümayəndələri haqqında ətraflı bilgi verilməsi tədqiqat əsərinin dolğunluğunun, mükəmməlliyinin göstəricisidir.
Professor Bədirxan Əhmədli ədəbiyyat tarixinin birinci cildində araşdırma prosesində ədəbi cərəyanların təhlilinə və təqdimatına xüsusi önəm vermişdir. O, Azərbaycan romantizmini dünya romantizminin bir qolu hesab etməklə yanaşı, onun özünəməxsus xüsusiyyətlərini vurğulamış, poetik ideyalarında “milli şüur, ictimai və milli azadlıqlar, türkçülük və vətənçilik problemləri”nin yuvalandığını incələyərək qeyd etmişdir. B.Əhmədlinin Azərbaycan romantizminin görkəmli nümayəndələrindən Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Səməd Mənsur, Əbdülxaliq Cənnəti və b. haqqında yazdığı elmi oçerklər yanaşma tərzi, faktoloji yeniliyi, bitkinliyi və mükəmməlliyi ilə diqqəti cəlb edir. Kitabda ədəbi-tənqidi realizm, maarifçi realizm ədəbi cərəyanlarının öncül nümayəndələri də diqqətdən kənarda qalmamış, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.B.Haqverdiyev, Ə.Nəzmi, Ü.Hacıbəyli və b. haqqında yazılmış portret oçerklər elmi yeniliyi, sovet dövrünün dəyərləndirmə prinsiplərindən fərqli, milli düşüncə meyarlarının tələblərinə cavab verən, yüksək nəzəri hazırlığa söykənən estetik zövqlə və şövqlə qələmə alınmışdır.
Professor B.Əhmədlinin ədəbiyyat tarixinin maraqla oxunan fəsillərindən biri də “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı” adlanır. İyirmi üç aylıq cümhuriyyətin ədəbi-bədii materiallarını incələyən tədqiqatçı görkəmli mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın “Vaxtilə sovet ədəbiyyatşünaslığında siyasi lirikanın ən yaxşı nümunəsi hesab edilən-B.Ə.”, elmi işlərdə tez-tez istinad olunan “Əlaman” satirasının obyektiv təhlilinə prioritetlik verərək şairin “siyasi hadisələri düzgün dəyərləndirmədiyinə” toxunmuş, mövcud mühitin reallıqlarını qabardaraq şərh vermişdir. Tədqiqatçı N.Vəzirovun cümhuriyyətə mənfi münasibətini tənqid etməklə yanaşı, istiqlal ideyasının gerçəkləşməsi üçün qələmi, poetik sözü ilə mübarizə aparan ziyalılar haqqında yazırdı: “Ə.Cavad, S.Hüseyn, C.Cabbarlı isə bütün varlığı ilə cümhuriyyətə bağlı idi… Ə.Abid, Ümmügülsüm, Əli Yusif, Bədri Seyidzadə və başqaları da istiqlalçılıq duyğuları ilə cümhuriyyətə yaxın gənclər idi”.
Dərslikdə dövrün poeziyasından nümunələr təqdim olunaraq təhlil edilmiş, milli dövlətçilik atributları, istiqlal, ordu, əsgər nəğmələri haqqında əsərlərdən parçalar ədəbi-nəzəri təhlil müstəvisində qiymətləndirilmişdir.
Üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildi “Proletar hegemoniyası dövrünün ədəbiyyatı” bölümü ilə başlayır. Cümhuriyyətin süqutu, istiqlaliyyətini qazanmış müstəqil Azərbaycan dövlətinin Rusiya bolşevik rejimi tərəfindən işğalı ədəbiyyata, ədəbi mühitə və ictimai-siyasi prosesə təsirsiz ötüşmədi. Müəllifin qanlı sovet diktaturası zamanını qəzəblə, nifrətlə xatırlatması, XX əsrin 20-ci illərini bütövlükdə “Proletar hegemoniyası dövrü” adlandırması təsadüfi deyildir. Məşum 37-ci il repressiyasının, insanlığa qarşı qırmızı terrorun ilk məşqləri 1920-ci il 27 apreldən, ədəbiyyat tarixçiliyimizin atası Firidun bəy Köçərliyə atılan qırmızı güllədən başladı. 1920-1930-cu illərin ədəbiyyatı o qırmızı güllənin işığında yazılan, qan qoxulu, “göz yaşı içində gülüş”ü təcəssüm etdirən ədəbiyyatdır. Bütün siyasi təzyiqlərə, təpkilərə, zorakılığa, sürgün və qətllərə baxmayaraq ədəbiyyatımız öz içində, bədii düşüncənin alt qatında istiqlal işığını qoruyub saxladı və yaşatdı. Milli ruhlu ədiblərimiz qırmızı istilanı üçrəngli istiqlalla dəyişik salmadı. Hərbi qiyafəli senzorların bədii əsərlərdə, ideomatik ifadələrdə, rəmzi deyimlərdə, müdrik kəlamlarda, tapmacalarda əks-inqilabi düşüncənin, türkçülük və turançılıq məfkurəsinin izlərini zərrəbinlə araması, sərt cəza tədbirləri tətbiq etməsi “Proletar hegemoniyası”ndan başqa bir şey deyildir. 1920-ci illərin ədəbi axınları bu hegemoniyanın caynaqları altında susqunluğunu, lal sükutunu qoruyub saxlayırdı. “Ədəbi mühakimələr” prosesi, “Qızıl qələmlər cəmiyyəti”, “Proletar yazıçıları cəmiyyəti” siyasi-inzibati orqan olaraq söz, düşüncə üzərində hökmranlığını, ağalığını saxlamaqla azad yaradıcılıq missiyasının istiqamətini “sifarişli ədəbiyyat” məcrasına yönləndirmiş, gənc ədibləri ağır cəzalandırmaqdan çəkinməmişlər. Almas İldırım türkiyəli şair Faruk Nafizə ithaf etdiyi “Dağlar” qoşmasını 1927-ci ildə “Həyat” və “Yeni Qafqasiya” dərgisində dərc etdirdiyi üçün Bakı Universitetinin Şərqşünaslıq fakültəsindən xaric edilərək Azərbaycandan sürgün olunmuşdur. Əhməd Cavadın 1928-ci ildə İstanbulda nəşr olunan “Yeni Qafqasiya” dərgisində və “İstiqlal uğrunda” məcmuəsində çap edilmiş şeirlərinə görə ifşa kampaniyası keçirilmiş, 1929-cu ilin noyabr ayında “Bak.raboçi”, “Kommunist”, “İnqilab və mədəniyyət”, “Gənc işçi” və digər mətbuat orqanlarının səhifələrində 10-a yaxın məqalədə “Müsavat dalları”, “Cavad Axundzadə mart hadisəsini, Müsavat bayrağını mədh edir…” – deyə istiqlal şairini “töhmət”ləndirmişlər.
30-cu illər repressiya dövrünün ədəbiyyatı zəngin arxiv materialları əsasında araşdırılaraq sovet rejiminin işgəncə, terror genelogiyasının qaynaqları, mübhəm səbəbləri və ağır nəticələri haqqında müəllifin elmi qənaətləri sərgilənmişdir. Ədəbi növlər və konkret icmallar üzrə şəkillənən 30-50-ci illərin ədəbiyyatında aparıcı ədəbi qüvvələrin sosrealizmin məhdud, dar məcrasında yaradıcılıq mühitinin mühüm panoramı, polifonik çalarlar, milli özünəməxsusluqlar geniş miqyasda əks olunmuşdur. Professor B.Əhmədli ədəbiyyat tarixçiliyinin ənənəvi hüdudlarından kənara çıxaraq tədqiqat işinə yeni mövzular gətirmiş, “Mühacirət ədəbiyyatı”, “Legion ədəbiyyatı mühacirətin bir qolu kimi”, “Cənubi Azərbaycan ədəbiyyatı” adlı bölüm və paraqraflar əlavə etmişdir. Bu bölümlərdə mövzunun dərinliyini və xüsusi önəmini qabartmaq üçün “Məhəmməd Əmin Rəsulzadə”, “Almas İldırım”, “Qurban Səid (Məhəmməd Əsəd bəy) və onun “Əli və Nino” romanı, “Gültəkin (Əmin Abid)” adlı elmi oçerkləri, “İctimai həyat və ədəbi proses”, “Poeziya”, “Nəsr”, “Dramaturgiya” və s. əhatəli və mükəmməl icmallar yeni təfəkkür işığında, siyasi konyunkturasız tələbkar oxucu auditoriyasına təqdim edilmişdir.
Professor Bədirxan Əhmədlinin üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin sonuncu cildi qırxillik bir dövrü – 1960-1990-cı illəri əhatə edir. Tədqiqatın elmi-nəzəri strukturunun təməl biçimi qorunub saxlanılmaqla fəsil, bölmə, paraqraflar üzrə məzmun, mahiyyət, ədəbi proses üfüqi və şaquli yönlərdə hərtərəfli incələnmiş, elmi-nəzəri aspektdə yenilənmişdir. Dövrün aparıcı ədəbi kanonlarından kənara çıxan tədqiqatçı “Assosiativ poeziya və onun imkanları”nı araşdırarkən şairin yaradıcılıq fərdiyyətinin, bənzərsiz deyim tərzinin, milli duyğu və düşüncələrinin önə çəkilməsini vurğulamaqla yanaşı yaradılmış, mövcud süni, siyasi maneələrə də toxunmuşdur: “Mətbuatda dərc olunan şeirlər redaktorlar tərəfindən dil, üslub, fikir “əməliyyat”larına məruz qalırdı. Bu “əməliyyat”ı qəbul etməyən şairlər isə ədəbi prosesdən şüurlu şəkildə imtina edir, şeirlərini çapa vermirdi. Onlardan biri də Vaqif Səmədoğlu idi. Onun 60-cı illərin sonlarında “Yoldan teleqramlar” (1969) adlı kiçik şeirlər kitabı ilə “Mən burdayam, İlahi” (1996) adlı ikinci kitabı arasında böyük bir zaman məsafəsinin səbəblərindən biri də şairin ədəbi prosesdən çəkilməsi olmuşdur. İkinci səbəb isə V.Səmədoğlunun şeirlərinin… mövcud rejimin sənətlə bağlı kriteriyalarına uyğun gəlməməsindən ibarət idi. Anar V.Səmədoğlunun bu cür şeirlərindən… yazırdı: “Sovet rejiminin sərt illərində bu sayaq şeirləri nəinki çap etmək, kimsələrə oxumaq da təhlükəli idi” (A.Ə.T. III c. s.95).
Mövcud ədəbi mühit haqqında gerçək təsəvvür yaratmaq üçün tədqiqatçının təqdim etdiyi istinad bizim ədəbiyyatımızın, dilimizin, düşüncəmizin buxovlandığı, yasaq olunduğu, məhdudiyyətlər qoyulduğu, maneələr törədildiyi bir dövrün ağrılı, təlatümlü mənzərələrini, acı həqiqətlərini tarixin yaddaşında yaşadır və yaşadacaqdır.
Professor Bədirxan Əhmədlinin üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” bir əsrdən artıq zamanı tam əhatə edən, dövlət müstəqilliyimizin bərpasından sonra dərslik sahəsində yaranmış mühüm bir boşluğu, böhranı aradan qaldıran, milli məfkurə, vətənsevərlik, istiqlalçılıq ruhunda yazılan, mənəvi sərvətlərimizin zənginliyini, zamanla səsləşməsini və yüksək dəyərini nişan verən, gələcək nəsillərə çağırışları ilə çağdaşlıq əyarını yüksəldən monumental elmi-tədqiqat əsəridir. O səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ali təhsilin bakalavr və magistr pillələri üçün dərslik olaraq təsdiq etdiyi üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı Nazirlər Kabinetinin müsabiqəsini elan etdiyi Dövlət mükafatına layiqdir.
Asif RÜSTƏMLİ,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor









