media-nikol_pashinyan_1

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları ölkənin xarici siyasətində və regiondakı geosiyasi mövqeyində baş verən dəyişikliklərin daha aydın konturlarını ortaya qoyur.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyeva Paşinyanın Ermənistanın dəmir yolu, Avropa İttifaqına üzvlük və KTMT ilə bağlı son mesajlarını Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşması prosesinin ardıcıl davamı kimi qiymətləndirib.

Arzu Qazıyevanın sözlərinə görə, Paşinyanın Qarabağ məsələsi ilə bağlı mövqeyi də Ermənistanın gələcək inkişaf modelinə dair yanaşmasının dəyişdiyini göstərir. Baş nazir Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyini və gələcəyini “sıfırlamaq” layihəsi kimi xarakterizə edib və xalqın verdiyi mandat əsasında bu layihənin bağlandığını bildirib.

Jurnalist hesab edir ki, Paşinyanın dəmir yolu ilə bağlı son açıqlamaları da Ermənistanın öz suveren qərarlarını önə çıxarmaq istəyini nümayiş etdirir. Ermənistan hökumətinin başçısı ölkə dəmir yolunun Ermənistanın mülkiyyətində olduğunu vurğulayaraq, onun necə idarə olunacağına dair qərarın İrəvana aid olduğunu bildirib.

Arzu Qazıyeva diqqəti xüsusilə Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlara yönəldib. Paşinyan Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirəcəyini və üzvlük üçün müraciət prosesinə başlayacağını açıqlayıb.

Araşdırmaçı jurnalistin fikrincə, Ermənistanın Avropa istiqamətində siyasəti tamamilə yeni proses deyil. Bu istiqamətdə müzakirələrin Serj Sarkisyanın hakimiyyəti dövrünə qədər gedib çıxdığını qeyd edən Arzu Qazıyeva bildirir ki, hazırkı hakimiyyət əvvəlki dövrdən fərqli olaraq bu məsələdə daha açıq və qətiyyətli mövqe nümayiş etdirir.

Onun fikrincə, Paşinyanın KTMT ilə bağlı açıqlamaları da Moskva ilə münasibətlərdə yaranmış məsafənin siyasi ifadəsidir. Ermənistan baş nazirinin “Ermənistanı KTMT-dən çıxarsalar, Paşinyan çox razı qalacaq” məzmunlu bəyanatı İrəvanın təşkilata münasibətinin əvvəlki illərlə müqayisədə nə qədər dəyişdiyini göstərir.

Arzu Qazıyeva hesab edir ki, bütün bu proseslər birlikdə götürüldükdə Ermənistanın Rusiyanın siyasi və təhlükəsizlik orbitindən uzaqlaşmaq kursunun sistemli xarakter aldığını göstərir. Onun fikrincə, İrəvan artıq öz gələcəyini Avropa institutları və alternativ regional əməkdaşlıq imkanları üzərində qurmağa çalışır.

Jurnalist postsovet məkanında formalaşmış regional təşkilatların da yeni geosiyasi reallıqlar fonunda əvvəlki əhəmiyyətini itirdiyini düşünür. Onun qənaətinə görə, SSRİ-nin dağılmasından ötən 35 il ərzində dünya nizamında ciddi dəyişikliklər baş verib və bu dəyişikliklər postsovet ölkələrinin xarici siyasət seçimlərinə də təsir göstərir.

Arzu Qazıyevanın fikrincə, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq istiqamətində siyasəti bundan sonra da davam edərsə, Moskva Cənubi Qafqazda formalaşan yeni reallıqları nəzərə almaq məcburiyyətində qalacaq.

“Yaxşılığa doğru dəyişmək istəyən Ermənistanın Rusiyanın orbitindən qopması artıq ardıcıl və sistemli xarakter alıb. Bu, faktdır. Moskva zamanın yaratdığı yeni şərtləri qəbul etməli olacaq. Ya Rusiya Cənubi Qafqazdan çıxacaq, ya da çıxmasına kömək göstəriləcək. Paşinyanın dediyi kimi, başqa variant yoxdur”, – deyə o bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər