Putin geri addım atmır: Rusiyanın nüvə planı açıqlandı
Nüvə enerjisindən istifadə ilə bağlı müzakirələr davam edərkən, Rusiya bu sahəyə yatırımlarını artırmağı planlaşdırır.
ERAmedia xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkədə uzunmüddətli perspektivdə, o cümlədən kiçik nüvə elektrik stansiyaları hesabına, təxminən 30 giqavatlıq yeni nüvə enerjisi gücünün yaradılacağını açıqlayıb.
Xüsusilə Qərb ölkələri başda olmaqla bir sıra dövlətlər nüvə enerjisindən imtina etmək yolunu seçib. Nüvə elektrik stansiyaları bir-birinin ardınca bağlanarkən, alternativ enerji layihələri üçün müxtəlif maliyyə fondları yaradılıb.
Lakin Rusiya bu ölkələrin əksinə, nüvə enerjisi sahəsində investisiyalarını davam etdirməkdə qərarlıdır.
Putin Moskvada nüvə energetikası sektoruna həsr olunmuş toplantıda çıxışı zamanı Rusiyanın nüvə enerjisi potensialının artırılması ilə bağlı planlarını açıqlayıb.
O bildirib ki, yeni güclər həm mövcud elektrik stansiyalarında istismar müddətini başa vuracaq enerji bloklarını əvəz edəcək, həm də ümumi nüvə enerjisi istehsalını artıracaq.
“Uzunmüddətli sektor planlarına uyğun olaraq, Rusiyada kiçik nüvə elektrik stansiyaları da daxil olmaqla, təxminən 30 giqavatlıq əlavə nüvə enerjisi gücünün istifadəyə verilməsi planlaşdırılır”, – Putin deyib.
Rusiya lideri bu investisiyalar hesabına ölkənin nüvə enerjisi istehsal gücünün əhəmiyyətli dərəcədə artırılacağını bildirib.
Putin nüvə elektrik stansiyalarının yerləşdirildiyi regionların coğrafiyasının da genişləndiriləcəyini qeyd edib. Onun sözlərinə görə, yeni enerji blokları Ural, Sibir və Rusiyanın Uzaq Şərq bölgələrində istifadəyə veriləcək.
Rusiya prezidenti nüvə enerjisinin ölkənin elektrik sisteminin sabit fəaliyyəti baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Bu gün ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 20 faizi nüvə enerjisinin payına düşür”, – Putin bildirib.
O, həmçinin süni intellekt texnologiyalarının inkişafı və məlumatların saxlanması və emalı mərkəzlərinin sayının artmasının elektrik enerjisinə tələbatı yüksəltdiyinə diqqət çəkib. Putin artan tələbatı qarşılamaq üçün zəruri istehsal güclərinin əvvəlcədən planlaşdırılmasının vacibliyini vurğulayıb.
Əli Fərhad









