Qəzənfər Musabəyovun inanılmaz etirafları – Kimlərin adlarını çəkib?
Qəzənfər Musabəyov 1888-ci ildə Quba qəzasının Pirəbədil kəndində doğulub. O, 1911-ci ildə Bakı gimnaziyasını, 1919-cu ildə isə Kiyev Universitetinin tibb fakültəsini bitirib. 1929–1931-ci illərdə Azərbaycan SSR MİK Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb.
Qatı bolşevik olmasına baxmayaraq, 1937-ci il repressiyaları Qəzənfər Musabəyovdan da yan keçməyib. Q.Musabəyov həbs olunarkən istintaqa kimlərin haqqında nələri etiraf edib?
ERAmedia həmin məlumatları təqdim edir.
1937-ci il iyulun 25-də Qəzənfər Musabəyov Moskva şəhərindəki evində həbs edilib və mənzilində axtarış aparılıb. Onun 1931–1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetində işlədiyi müəyyən edilərək Tbilisiyə gətirilib. Avqustun 2-də Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi xidməti tərəfindən 3-cü dərəcəli “cinayət işi” açılıb.
1937-ci ilin avqustundan oktyabrınadək dindirmələr zamanı Q. Musabəyov ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib. Lakin 1937-ci il oktyabrın 28-də SSR Xalq Daxili İşlər Komissarlığı tərəfindən aparılan təzyiqlər davam edib.
1937-ci il oktyabrın 29-da Q. Musabəyovun sorğu-sualı Krimyan tərəfindən aparılıb. O, hər hansı təşkilatda iştirak etdiyini təkzib etsə də, dindirmə zamanı 24 nəfərin adını çəkib. Krimyanın “kimlər tərəfindən təsir altında olmusunuz?” sualına cavab olaraq Musabəyov bildirib ki, 1930-cu ilin avqustundan–1933-cü ilədək Azərbaycan KP MK-nın katibi işləmiş V. Polonski Moskvada ona ölkə rəhbərliyinin səhvlərə yol verdiyini iddia edirdi.
1937-ci il noyabrın 22-də və 26-da Krimyana verdiyi ifadələrdə Q. Musabəyov müttəfiq respublikalarda fəaliyyət göstərdiyi iddia olunan “əks-inqilabi terrorçu-millətçi mərkəzlərin” rəhbərlərinin adlarını çəkib.
Dekabrın 28-də verdiyi ifadədə isə Musabəyov dekabrın 2-də Tbilisi təcridxanasının 71 nömrəli kamerasından SSR Xalq Daxili İşlər Komissarı S. A. Qoqlidzeyə müraciət edərək bildirib:
“Sizin nəzərinizə çatdırıram ki, mən bu işdə borclu bildiyim şəxslərin adlarını deməyə hazıram. Azərbaycan SSR Xalq Komissarları Sovetinin keçmiş rəhbəri Dadaş Bünyadzadə Tbilisidə mənə demişdi ki, Hüseynkənd Rayon İcraiyyə Komitəsinə rəhbərlik edənlər müəyyən təşkilatlarda fəal iştirak edirlər”.
Söhbət zamanı Bünyadzadə əlavə olaraq bildirmişdi ki, Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov Ruhulla Axundovla yaxın dostluq və siyasi əlaqələrə malikdir.
Qəzənfər Musabəyov Nikolay Yejova ünvanladığı məktubda yardım istəyərək yazırdı:
“Əziz Nikolay İvanoviç! Sənə — rəhbərlərimizin sədaqətli tələbəsinə, mənim əziz və sadiq qardaşıma müraciət edirəm. Bağırov mənə çoxdan bəri mənfi münasibət göstərir. Birlikdə çalışdığımız dövrdə aramızda siyasi məsələlərlə bağlı tez-tez ziddiyyətlər yaranırdı”.
Q.Musabəyovun ifadə verdiyi istintaq materiallarında yazılır:
“1917-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirdikdən sonra Bakıya qayıtdım. Bakı kommunasında Caparidze və Şaumyandan aldığım tapşırıqlara uyğun fəaliyyət göstərdim və 11-ci Ordunun xidmətində oldum.
1920-ci ilin aprelində Orconikidze və Kirovun tapşırığı ilə Mikoyan və Yefremovla birlikdə “Beynəlmiləl” zirehli qatarında döyüşə-döyüşə Bakıya daxil olduq”.
Vural Həsənoğlu










