media-img-20251204-wa0190-1
media-bant_master

AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Azərbaycan”ın “Gülüstan” dərdinin “Heydərbabaya salam”ı (Tarixi dərdlərimiz mifoloji-folklor irsimizdə, Nizami, Füzuli, Nəsimi, Səməd, Bəxtiyar və Şəhriyar poeziyasında – semiotik-sinergetik təhlil)” adlı yeni monoqrafiyası nəşr olunub.

ERAmedia xəbər verir ki, əsərin elmi redaktoru və ön söz müəllifi filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı (Hüseynova), rəyçiləri isə filologiya elmləri doktoru, dosent Hikmət Quliyev və filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimovadır.

Monoqrafiya ön söz, giriş, səkkiz əsas fəsil və nəticə, terminlər lüğəti, ədəbiyyat siyahısı və dörd dildə xülasədən ibarətdir. Kitabın hər bir fəslində nəzəri konsepsiya və poetik mətnlərin semantik qatları araşdırılıb.

Girişdə müəllif milli poeziyada dərdin yalnız hiss deyil, poetik-subyektiv varlıq olduğunu əsaslandıraraq onu “salamsız gələn xaos” kimi təqdim edib. Bu fəlsəfi-metaforik yanaşma əsər boyu tətbiq olunub.  “Üçlü təhlil metodu” (qeyri-səlis məntiq, semiotik təhlil, sinergetik yanaşma) ilə Səməd Vurğunun “Azərbaycan”, Bəxtiyar Vahabzadənin “Gülüstan” və Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərləri bir-biri ilə əlaqəli, böyük poetik dərdlərin simvolik konstruksiyası olaraq təqdim edilir.

“Dədə Qorquddan Bəxtiyara” (Ontoloji poeziya modellərinin şairlik sisteminə tətbiqi) adlı birinci fəsildə Azərbaycan poeziyasının ontoloji kökləri “Kitabi-Dədə Qorqud”dan başlayaraq müasir poeziyaya qədər izlənilib. Müəllif sözün yaradıcı gücünü, ad qoymağın ontoloji mahiyyətini, xaosdan kosmosa keçidin poetik kodlarını və mifoloji qəhrəman modelinin Nəsimi, Səməd Vurğun və Bəxtiyar Vahabzadə kimi şairlərdə yeni formaya düşməsini geniş şəkildə təhlil edib. Bu fəsildə Zaman–Məkan–Kimlik üçlüyünün həm qədim dastanlarda, həm də müasir poeziyada varlıq sistemi yaratdığı göstərilib.

Kitabın “İrfani poeziyada sinergetik elementlər və varlıqdan həqiqətə doğru poetik təkamül” adlanan ikinci fəslində əsərin fəlsəfi mərkəzi olaraq “ontoloji güc” anlayışı geniş şəkildə izah edilib. Müəllif Nizaminin dərdini “idrak və kamillik”, Füzulinin dərdini “ilahi eşqin halı”, Nəsiminin dərdini isə “varlığın mahiyyəti” kimi təqdim edib. Bundan başqa müəllifə görə, Səməd Vurğunun poeziyasında torpaq və Vətən ontoloji mərkəz olaraq şairin varlığının fəlsəfi oxunu təşkil edir, Şəhriyarın “Heydərbaba” əsəri isə xatirə və nostaljinin ontoloji gücünü simvollaşdırır. Bəxtiyar Vahabzadənin poeziyasında isə zaman, məkan və kimlik üçlüyü bərpa olunan bütövlüyün poetik xəritəsi kimi təhlil olunub. Bu fəslin nəticəsində şairlərin hər birinin dərdi, həm sosial, həm fəlsəfi, həm də ontoloji mübarizə kimi təqdim edilib.

Kitabın üçüncü fəslindən səkkizinci fəslinə qədər isə üç əsas poetik mərkəz – “Azərbaycan”, “Gülüstan” və “Heydərbabaya salam” əsərləri Azərbaycanın dərdlərinin metaforik ifadələri kimi dərindən təhlil edilib. Alimə görə “Azərbaycan” Səməd Vurğunun milli kosmos modelini təqdim edir və poema, poetik dövlətçilik konsepsiyasının əsasında torpaq, ad, yaddaş və dilin milli kimliyin formalaşmasında mühüm rol oynadığını vurğulayır. “Gülüstan”da Bəxtiyar Vahabzadənin adın ontoloji gücü ilə əlaqəli təhlil aparılır; “Gülüstan” adı həm itki, həm yaddaş, həm də kosmik boşluq kimi təqdim edilir, şair isə itirilmiş məkana varlıq qaytarır. “Heydərbabaya salam” isə ontoloji yaddaşın böyük simvolu olaraq, dağ vasitəsilə kollektiv ruhun və atalar yaddaşının kodunu açır, nostalji isə varlığın bərpası üçün poetik enerji mənbəyi kimi işlədilir. Bu poema sinergetik modeldə “xaos → coşqu → sükut → harmoniya” xətti ilə qurulur.

Monoqrafiyanın ümumi nəticəsində profeossor Ramazan Qafarlı milli poeziyanı varlıq fəlsəfəsi kimi təqdim edib. Alimin qənaətinə görə, dərd poetik kommunikasiya aktı, söz ontoloji güc daşıyıcısı, şair müasir dövrün mifoloji qəhrəmanı funksiyasını yerinə yetirir. “Azərbaycan”, “Gülüstan” və “Heydərbabaya salam” isə milli dərdin üç poetik sütunudur.

Ümumilikdə, professor Ramazan Qafarlının bu əsəri klassik və müasir poeziyanın vahid ontoloji xəritəsini yaratmaqla, adın, sözün, zamanın və məkanın milli varlıqda necə fəaliyyət göstərdiyini elmi şəkildə əsaslandırır.

Qeyd edək ki, kitab Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə ərməğan olaraq qələmə alınmış, lakin yaranma motivi təkcə yubiley xatirəsi deyildir. Monoqrafiya böyük şairin ömrü boyu daşıdığı milli dərdin, bütöv Azərbaycan idealının, tarixi parçalanmanın poetik-fəlsəfi mahiyyətinin elmi şəkildə araşdırılması ideyasına söykənir. Bəxtiyar Vahabzadə sağlığında milli poeziyada dərdin yalnız emosional yaşantı kimi deyil, milli kimliyin, varlığın və kollektiv yaddaşın fəlsəfi sütunu kimi öyrənilməsinin vacibliyini vurğulayırdı. Ramazan Qafarlının bu tədqiqatı məhz həmin arzu və ideyanın elmi müstəvidə reallaşdırılmasıdır.

Müəllifin qeyd etdiyi kimi, əsər Bəxtiyar Vahabzadənin ona verdiyi mənəvi tapşırığın — milli dərdin poetik arxetipinin açılması, sözün və adın ontoloji gücünün göstərilməsi, bütöv Azərbaycanın dərd fəlsəfəsinin elmi izahının verilməsi — nəticəsi kimi formalaşıb. Bu baxımdan monoqrafiya yalnız tədqiqat deyil, həm də böyük şairin düşüncə dünyasına poetik-fəlsəfi cavab, onun milli ideallarına ehtiram nişanəsidir.

Professor Ramazan Qafarlının monoqrafiyası həm elmi düşüncənin, həm poetik irfanın, həm də milli şüurun yüksək sintezini təşkil edir və Azərbaycan ədəbiyyatşünaslığına semiotik-sinergetik yanaşma istiqamətində mühüm töhfə verir.

Əli Fərhad

 

 


media-adspc

Bənzər xəbərlər