media-im-95675879

Fransanın avtomobil şirkəti “Renault” müdafiə sənayesində fəaliyyətini genişləndirir. Şirkət Fransanın müdafiə sahəsində fəaliyyət göstərən “Turgis & Gaillard” qrupu ilə əməkdaşlığa başlayaraq, bu ilin sonunadək hərbi təyinatlı pilotsuz uçuş aparatlarının kütləvi istehsalına start verməyi planlaşdırır.

ERAmedia xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Ketrin Votren “Ouest-France” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda layihə sınaq mərhələsindədir və ilk seriyalı istehsal avtomobil sənayesinə xas sənaye tempi ilə ilin sonuna qədər başlayacaq. “Renault” və “Turgis & Gaillard” arasında əməkdaşlıq “Chorus” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Fransa ordusunun arsenalında mövcud olan boşluqları doldurmaq və yüksəkintensivlikli münaqişələr üçün lazım olan istehsal həcmlərinə çatmaqdır.

Pilotsuz aparatların istehsalı “Renault”un Fransanın Le-Man şəhərində yerləşən zavodunda təşkil olunacaq.

Nazir bildirib ki, texnologiyaların sürətlə dəyişdiyi bir sahədə fəaliyyət göstərdiklərinə görə istehsal edilən modellərin mütəmadi olaraq yenilənməsi vacib olacaq.

“Renault” hələ fevral ayında Le-Man müəssisəsində hər ay 600 pilotsuz aparat istehsal etməyi planlaşdırdığını açıqlamışdı. Şirkətin məlumatına görə, bir ildən az müddətdə aylıq 600 ədəd istehsal gücü formalaşdırmaq mümkündür.

Fransanın Silahlanma üzrə Baş İdarəsinin rəhbəri Patrik Payyu isə layihənin əsas məqsədinin uzaqmənzilli idarəolunan döyüş sursatlarının, başqa sözlə, hədəfə çırpılaraq onu məhv edən kamikadze tipli pilotsuz aparatların yığılması olduğunu bildirmişdi.

Məlumata görə, “Renault” pilotsuz aparatların yalnız platformasını və texniki konstruksiyasını istehsal edəcək. Döyüş başlıqlarının quraşdırılması və son təyinatı isə Fransa Silahlanma Baş İdarəsi tərəfindən müəyyən ediləcək.

Şirkət layihə ilə bağlı açıqlamasında bildirib ki, istehsal ediləcək pilotsuz aparatlar müxtəlif məqsədlər üçün istifadə oluna bilən çoxfunksiyalı hava sistemləri olacaq.

“L’Usine Nouvelle” nəşrinin məlumatına görə, yeni sistem görünüşcə Ay səthində istifadə edilən kiçik yolsuzluq avtomobilini xatırladır. Qurğu müxtəlif istiqamətlərə baxan çoxsaylı kameralarla təchiz olunub.

Bu texnikanın ilk təqdimatının iyunun 15-dən etibarən Paris yaxınlığındakı Vilpint şəhərində keçiriləcək “Eurosatory” beynəlxalq müdafiə sərgisində baş tutacağı gözlənilir.


media-adspc

Bənzər xəbərlər