media-tfser-hlm-khrwj-alrwh-mn-aljsd-waltschhd

media-photo_5463144451887795364_m

  • Rəsul Mirhəşimli

Deyirlər ki, insan sevdiyini anar, andığını sevər. Bir də belə buyurulub: “İnsan sevdiyi ilə bərabərdir.” Bədənin harada olmasının, əslində, böyük əhəmiyyəti yoxdur. Ruh səni hər an hara aparırsa, sən də oradasan. Bədən fanidir, bir gün çürüyər və yox olar. İnsanı daşıyan isə ruhdur. O, kimə yönələrsə, sən hər an onun yanındasan…

İnsan varlığı ilə bağlı ən dərin suallardan biri də onun əslində harada olduğudur. Bəzən bədənimiz bir yerdə sabit dayanır, amma ruhumuz çox uzaqlarda dolaşır. Həsrətini çəkdiyimiz bir insanın yanında, keçmişdə qalan bir xatirənin rəngində və ya gələcəklə bağlı bir ümidin ardınca… Bu, insanın iki fərqli təbiətə (bədənə və ruha – R.M) sahib olmasının nəticəsidir. Fani bədən zaman və məkan qanunlarına tabedir, amma ruh sərhədsizdir. Həzrət Mövlana bu barədə belə deyir:
“Can gözdən uzaq ola bilər, amma könül hər an sevdiyinin yanındadır”.

Ruhumuzun xüsusiyyətlərindən biri də onun zaman və məkandan asılı olmadan hərəkət edə bilməsidir. Bir anlıq düşüncə bizi uşaqlıq illərimizin xoş qoxusuna aparıb çıxara bilər və ya bir musiqi parçası bizi sevdiyimiz insanın yanına çəkə bilər. Bu, ruhun maddi aləmdən üstün olduğunun bir göstəricisidir. Platon ruhun həqiqətin yaşandığı ideyalar aləminə aid olduğunu və bu dünyadakı hər şeyin onun yalnız kölgəsi olduğunu söyləyirdi. Bəlkə də buna görə insan bəzi anlarda özünü bir məkanda deyil, bir insanla birlikdə hiss edir.

İnsan ruhunun bu hərəkətliliyi çox vaxt şüur səviyyəsində izah edilə bilmir. Bəzən birdən-birə niyə darıxdığımızı, niyə bir musiqinin bizi duyğulandırdığını açıqlaya bilmirik. Bu, idrakımızın ruh qarşısında aciz qalmasıdır. Şüur yalnız müəyyən məlumatları işləyə bilən bir alqoritm kimidir. Amma ruh daha dərin və daha sirli bir aləmdir. Bəzi alimlər bunu “kollektiv şüuraltı” adlandırır, insanın fərdi və ortaq yaddaşı ilə bağlı bir enerji sahəsi kimi izah edirlər. O sahədən gələn siqnallar bəzən qəfil duyğular və izahı çətin təsirlər şəklində ortaya çıxır. Biz bəzi şeyləri hiss edirik, amma baş verənləri tam izah edə bilmirik.

Ruhun yönəldiyi yer çox vaxt sevgi ilə bağlı olur. Çünki sevgi ruhun təbiətidir. Yalnız fiziki yaxınlıq deyil, ruhani yönəlmə də insanı başqa bir varlığın mövcudluğuna bağlayır. Başqa sözlə, bunu belə də ifadə etmək olar: “İnsan sevdiyini düşündükcə onunla rabitə halındadır”. Bədən bir yerdə olsa da, ruhun istiqaməti onu daim sevdiyinə doğru çəkir. Sevgi sanki metafizik bir cazibə qüvvəsidir. Bu cazibə o qədər güclüdür ki, bəzən insanın dualarında belə başqa bir ruhun izi olur.

Nəticədə hər şey o əzəli həqiqətə qayıdır. İnsan anlayır ki, bədən fanilikdən başqa bir şey deyil. İnsan bədəni zamanla dəyişir, zəifləyir və bir gün yox olur. Amma ruh yaşamağa davam edir. Ruhun varlığı yalnız dini baxışla deyil, fəlsəfi və metafizik yanaşma ilə də qəbul edilir. Bir çox mütəfəkkir ruhun ölümsüz mahiyyəti haqqında fikirlər irəli sürüblər. Əslində, ruhun nəyə yönəldiyi insanın kim olduğunu da göstərir. Başqa sözlə desək, sevdiyin, düşündüyün və xatırladığın sənsən. Bu isə “bir olmaq” anlayışının başqa bir izahıdır. Bu yanaşma riyazi bir silsilədəki rəqəmi deyil, o rəqəmin arxasındakı mənanı göstərir.

Bəs sən bu gün haradasan? Bədənin bəlkə evində, bəlkə də iş yerindədir. Amma ruhun haradadır? Ruhun hara gedirsə, sən də oradasan. Bu məkan fiziki anlayışlarla özünü göstərmir. Yazının başlanğıcında qeyd etdiyimiz kimi, insan sevdiyi ilə bərabərdir. Və bu birlik ruhun həqiqi və yeganə məkanıdır.


media-adspc

Bənzər xəbərlər