media-50-universe-quotes-celebrating-our-place-in-the-cosmos-2-847x477

media-media-fb_img_1752769087965-tj1y25-300x234

  • Rəsul Mirhəşimli

Bir gənc adam məczubun (Sufilikdə işlədilən bir anlayışdır. “Məczub” sözü ərəb dilindən gəlir və mənası “ilahi cazibəyə qapılmış, Allah sevgisi ilə özündən keçmiş insan” deməkdir – R.M) tələ qurduğunu görüb ondan soruşur:

– Bu tələni niyə qurursan?

Məczub cavab verir:

– Qədr gecəsini tələyə salacam.

Gənc gülür:

– Dəli, heç gecə də tələyə düşər?

Məczub:

– Bilirəm, gecə tələyə düşməz, amma oyanıq olarsan, Qədr gecəsi qəlbinə düşər.

İnsan bəzən ən böyük həqiqətləri sadə və qəribə görünən davranışların arxasında tapır. Məczub haqqında danışılan bu qısa hekayə də zahirdə gülməli görünsə də, daxilində dərin bir mənəvi hikmət daşıyır.

Bu hekayə, əslində, Qədr gecəsinin mənəvi fəlsəfəsini simvolik şəkildə izah edir. Məczubun qurduğu tələ maddi bir tələ deyil, oyanıqlığın, gözləməyin və hazırlığın rəmzidir. İnsan Qədr gecəsini “tutmaq” üçün səmimi niyyətlə, ayıq qəlblə və ibadət halında olmalıdır. Yəni Qədr gecəsi sıradan əldə edilən bir fürsət deyil, ona hazır olan, onu gözləyən və qəlbini o gecənin nuruna açan insan üçün mənəvi nemətdir.

Qurani-Kərimdə Qədr gecəsinin hikməti belə təsvir edilir:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!” (“əl-Qədr” surəsi, ayə 1-3)

Bu ayələr Qədr gecəsinin zamanın adi ölçülərindən üstün olduğunu göstərir. Min ay təxminən səksən dörd ilə yaxın bir müddət deməkdir. Bu isə bir insan ömrünə bərabər sayılır. Deməli, o gecədə edilən səmimi ibadət və dua bir ömür boyu edilən ibadət qədər dəyər qazana bilər. Qurani-Kərim bu həqiqətlə insanlara göstərir ki, ilahi rəhmət bəzən zamanın müəyyən anlarında xüsusi şəkildə təcəlli edir.
Məczubun hekayəsindəki hikmət də məhz burada üzə çıxır. İnsan Qədr gecəsinin hansı gecə olduğunu dəqiq bilmədiyi üçün Ramazanın son günlərini diqqət, ibadət və oyanıqlıq içində keçirməlidir. Məczubun “tələ qurması” da bu oyanıqlığın rəmzidir. Yəni o, gecəni tutmaq üçün deyil, qəlbini hazır saxlamaq üçün çalışır. Əslində, o, gəncə demək istəyir ki, insan qəlbini oyatmasa, Qədr gecəsi gəlib keçsə də, onun nurundan pay ala bilməz.

Azərbaycanın klassik şairi və nəqşibəndi şeyxi Seyid Mir Həmzə Nigarinin məşhur beyti də bu mənəvi həqiqəti çox gözəl ifadə edir:

“Hər gecəni Qədr bil,
Hər keçəni Xızr bil”.

Bu sözlər insanın daim mənəvi oyanıqlıq içində yaşamasını tövsiyə edir. Yəni insan yalnız müəyyən bir gecəni gözləyərək deyil, hər gecəni Qədr gecəsi kimi qiymətləndirərək yaşamalıdır. Çünki qəlb oyanıq olduqda hər an ilahi lütfün təcəlli etdiyi bir ana çevrilə bilər. Eyni şəkildə hər qarşılaşdığın insanı Hz.Xızır (ə) bilmək insanlara sayğı və mərhəmətlə yanaşmağı öyrədir.

Qədr gecəsinin fəlsəfəsi də insanın qəlbini ilahi nura hazırlamaqdır. Bu gecə yalnız ibadətlərin çoxluğu ilə deyil, qəlbin saflaşması, tövbə, istiğfar (bağışlanma) və mənəvi dirçəlişlə dəyər qazanır. Qurani-Kərimdə həmin gecənin əmin-amanlıq gecəsi olduğu bildirilir və bu, ilahi mərhəmətin insan ruhuna endiyini göstərir.

Məczubun sadə görünən davranışı əslində böyük bir həqiqəti xatırladır. Qədr gecəsini tutmaq mümkün deyil, lakin ona hazır olmaq mümkündür. İnsan qəlbini oyanıq saxlayarsa, həmin gecənin nuru onun qəlbinə düşər. Elə bu səbəbdən də ariflər Qədr gecəsini yalnız təqvimdə axtarmağı deyil, onu qəlbdə yaşatmağı tövsiyə ediblər. Qəlb oyanıq olduqda isə hər gecə bir Qədr gecəsinə çevrilə bilər.


media-adspc

Bənzər xəbərlər