Şamaxıda texniki üzüm sortlarının yığımına başlanılıb
Şamaxıda üzüm bağlarında səhər tezdən hərəkətlilik başlayır. Günün isti saatlarına qalmamaq üçün işçilər səhər erkən saatlarda bağlara daxil olur, yetişmiş salxımları toplayırlar. Bu günlərdə rayonda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb. Toplanan məhsul bağlardan yeşiklərə, oradan isə emal müəssisələrinə və satış məntəqələrinə göndərilir.
ERAmedia xəbər verir ki, rayonda, ümumilikdə 1942 hektar üzüm bağı var. Bunun 1858 hektarı məhsuldardır. Şamaxıda həm süfrə, həm də texniki üzüm sortları becərilir. Süfrə üzümlərinin yığımına avqustun ortalarından başlanılıb və məhsul rayonun, eləcə də Bakı şəhərinin bazarlarına göndərilir. Texniki sortların kütləvi yığımı isə hazırda davam edir və məhsul əsasən şərab emalı müəssisələrinə çatdırılır.
Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sərdar Ömərov bildirir ki, rayonda üzümçülük əsasən Şəhriyar qəsəbəsi, Çarxan, Adnalı, Məlikçobanlı, Meşəri, Mirikənd kəndləri, Məktəb qəsəbəsi və Böyük Xınıslı kəndinin ərazilərində inkişaf etdirilir.
Bu il üzümün satışında ciddi problem müşahidə olunmur. Məhsul bazarın tələbinə uyğun satılır. Qiymətlər isə üzümün sortundan, keyfiyyətindən və bazardakı vəziyyətdən asılı olaraq dəyişir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda üzüm bağlarının ümumi əkin sahəsi 14,9 min hektar olub. Məhsuldarlığın 8,6 faiz yüksələrək 106,6 sentner/hektara çatması nəticəsində ölkə üzrə üzüm istehsalı 0,5 faiz artaraq 210,9 min ton təşkil edib.
Həmin il intensiv və superintensiv üzüm bağlarının sahəsi 15,7 faiz artaraq 1,5 min hektara çatıb. Belə bağlar ümumi üzüm bağlarının 9,9 faizini təşkil edib. 2021–2025-ci illər ərzində ölkə üzrə 1 136,5 hektar yeni üzüm bağı salınıb.
2025–2026-cı təsərrüfat ilində müəyyən edilmiş meyarlara və subsidiya tələblərinə cavab verən texniki üzüm bağlarının hər hektarına 8 min və 16 min 500 manat, süfrə üzüm bağlarının hər hektarına isə 8 min manat subsidiya tətbiq edilib.










