Sosial şəbəkələrdəki dartışmalar: İnsanlar necə “ağıl” köləsinə çevrilir?

- Rəsul Mirhəşimli
“Bazar günü günorta saatlarında birdən-birə şəhərin küçələrində peyda olan kərgədanlar əvvəlcə ciddi diqqət çəkməmişdi; lakin qısa müddətdə onların sayı artaraq hər yerdə görünməyə başladı. İnsanlar dayanmadan kərgədanlaşmağa başladılar…”
Bu, Rumıniya əsilli fransız dramaturq Ejen İoneskonun “Kərgədanlar” adlı əsərindəndir. XX əsr avanqard teatrının klassiklərindən hesab edilən İonesko absurdizm estetik cərəyanının öncüllərindən biridir. Qeyd etmək lazımdır ki, “Kərgədanlar” əsərini Ionesco 1950-ci illərdə yazmışdır. Əsərdə absurd teatr ənənəsi nəzərə alındıqda, XX əsrin məşhur azərbaycanlı yazıçısı Cəlil Məmmədquluzadə İoneskodan xeyli əvvəl “Dəli Yığıncağı” əsəri ilə bu ənənənin qurucularından biri sayıla bilər. Lakin bu, başqa bir müzakirə mövzusudur.
Mövzumuz sosial şəbəkələrin insanları kütləvi şəkildə “ağıl” köləsinə çevirməsidir. Müzakirə istəyi çox zaman mübahisələrə çevrilir, insanlar bir-birlərinə nifrət püskürürlər. Nifrətin ən çox yayıldığı sahələr isə cəhalətin məhsuludur.
“Kərgədanlar” əsəri belə bir cümlə ilə bitir: “Vay o kəsin halına ki, öz azadlığını qorumaq istəyir!”
Sosial şəbəkələr bu günün ən güclü ünsiyyət vasitələrindən birinə çevrilmişdir. Lakin bu platformalarda aparılan müzakirələr çox zaman ciddi problemə çevrilir, normal, anlaşılan və düşünülmüş müzakirələr aparmaq getdikcə çətinləşir. Nəticədə bu müzakirələr bəzən insanlar arasında qarşılıqlı nifrətin və ziddiyyətlərin güclənməsinə səbəb olur. Bu fenomen Ejen İoneskonun məşhur “Kərgədanlar” əsərindəki absurd yanaşma ilə ciddi paralellik təşkil edir.
Sosial şəbəkələrdə fərqli fikirləri müzakirə etməyə çalışan çoxlu insan var. Lakin bu müzakirələr çox zaman “kütləvi düşüncə”yə çevrilir. Müzakirələr getdikcə kəskin, anlaşılmaz və emosional xarakter alır. İnsanlar mövzunu düşünmədən, yalnız başqalarının fikirlərinə əsaslanaraq sadə və mövzu ilə əlaqəsi olmayan cavablar verirlər. Bunun nəticəsində isə məzmunlu və dərin müzakirələr əvəzinə qarşılıqlı təhqirlər və nifrət nitqi meydana çıxır. Buradakı “kütləvi düşüncə” fenomeni İoneskonun “kərgədanlaşma” metaforası ilə oxşarlıq təşkil edir: cəmiyyətin bir hissəsi fərqlilikləri qəbul etmədən müəyyən düşüncə tərzini mənimsəyir və fərqli düşünənlər “yad” və “təhlükəli” kimi qəbul olunur.
Əslində sosial şəbəkələrdə müzakirələrin bu qədər emosional və dağıdıcı olmasının kökündə insanların sosial və psixoloji vəziyyəti dayanır. İnformasiya cəmiyyətində hər bir fərd müxtəlif informasiya axınları və düşüncə tərzləri ilə qarşılaşır. Bununla yanaşı, sosial medianın sürətli və interaktiv xarakteri insanların mövzulara daha dərindən yanaşmasını çətinləşdirir. Çox vaxt müzakirələr özünü ifadə etməkdən və ya şəxsi fikirləri bölüşməkdən daha çox, qarşı tərəfi “udmaq” məqsədi daşıyır. Bu isə absurd yanaşmanın bir təzahürüdür: müzakirənin məqsədi artıq doğru fikri tapmaq deyil, sadəcə fərqli fikri aradan qaldırmaq olur.
Sosial şəbəkələrdə bu cür mübahisələrin əsas səbəblərindən biri də bir çox insanın rasional düşünmə qabiliyyətinin zəif olmasıdır. Bəzən müzakirələr mövzudan çıxaraq qarşı tərəfə təhqir yönəltməyə çevrilir. İnsanlar çox vaxt analitik və obyektiv düşünmək əvəzinə yalnız emosiyalarına, inanclarına və əvvəlki biliklərinə əsaslanırlar. Bundan əlavə, çoxları yalnız öz fikirlərini eşitmək istəyir və başqalarını qəbul etmək istəmir ki, bu da “kütləvi düşüncə”yə səbəb olur.
Bu fenomen həm də cəmiyyətin ümumi təhsil səviyyəsindən ciddi şəkildə asılıdır. Təhsil insanın tənqidi düşünmə qabiliyyətini inkişaf etdirmək üçün mühüm rol oynayır. Bu bacarıqlar fərqli baxış bucaqlarını anlamaq və düzgün qərarlar qəbul etmək üçün vacibdir. Lakin cəmiyyət üzvləri yalnız informasiya mənbələrini deyil, eyni zamanda fərqli düşüncələri və sosial baxışları nəzərə almağı öyrənmirsə, sosial mediadakı müzakirələr daha çox emosional və dağıdıcı xarakter alır.
Sosial şəbəkələrdə bu fərqlilikləri qorumaq olduqca çətindir. İnsanlar çox vaxt məsələlərə yalnız bir tərəfdən yanaşırlar ki, bu da kütləvi düşüncənin yaranmasına səbəb olur. Müzakirələrin normal şəkildə aparılması üçün fərqli fikirlərin və baxışların müzakirəsinə imkan yaradılmalıdır. Tənqidi düşünmənin inkişaf etdirilməsi və sosial mediada daha dərin, mənalı müzakirələrin aparılması cəmiyyətin inkişafı və insanların bir-birinə hörmətinin artması üçün böyük əhəmiyyət daşıyır.
Sosial şəbəkələrdəki müzakirələrin “kərgədanlaşmasının” qarşısını almaq üçün fərqli düşüncələrin dəyərini anlamaq və təhsil vasitəsilə rasional düşüncəni gücləndirmək olduqca vacibdir.









