Statistika Komitəsində Zəfər Günü qeyd olunub
Noyabrın 6-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan konfrans keçirilib.
ERAmedia xəbər verir ki, konfransda əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş film nümayiş etdirilib.
Konfransda çıxış edən iştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıblar.
Bildirilib ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib. Qarabağ münaqişəsinə silahlı qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, Zəfər Gününün bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gün olduğu vurğulanıb. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması üçün məqsədyönlü addımlar atılıb, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirərək Vətənin bütövlüyünü və tarixi ədaləti bərpa etmək uğrunda haqq mübarizəsini qələbə ilə başa vuraraq möhtəşəm Zəfərə nail olub, ata vəsiyyəti və xalqa vədini şərəflə yerinə yetirərək Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, suveren, qüdrətli və əzəmətli dövlətə çevirdiyi qeyd olunub.
İşğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı quruculuq və bərpa işlərinin həyata keçirildiyi, milli-mədəni abidələrimizin bərpa edildiyi, mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələrinin gerçəkləşdirildiyi, onlarla yaşayış məntəqələrinin təməlinin qoyulduğu və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə əhalinin yaşayışının təmin edildiyi nəzərə çatdırılıb. Ermənistan tərəfindən 30 il ərzində məqsədli şəkildə tamamilə dağıdılmış ərazilərdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işlərinin aparıldığı, Böyük Qayıdış proqramı nəticəsində öz evlərini tərk etmiş minlərlə soydaşımızın işğaldan azad edilmiş ərazilərdəki ata-baba yurdlarına qayıdışının təmin olunduğu, yurd həsrətinə son qoyulduğu da bildirilib.
Vurğulanıb ki, hazırda Azərbaycan beynəlxalq müstəvidə yalnız müharibənin qalibi kimi deyil, həm də regionda sülh, sabitlik və əməkdaşlığın əsas təşəbbüskarı və təminatçısı kimi qəbul olunur. Beynəlxalq səviyyədə qazandığımız nüfuz sayəsində ölkəmiz dünyada baş verən mürəkkəb proseslərdə fəal iştirak edir. Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycanın möhtəşəm nailiyyətlərə imza atmaqla yeni qələbələr qazanacağı, Vətənimizin hər bir guşəsində qürurla ucaldılan üçrəngli bayrağımızın daim zirvələrdə əzəmətlə dalğalanacağı əminliklə qeyd edilib.
Sonda Dövlət Statistika Komitəsində 8 noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan şahmat üzrə idman turnirin qaliblərinə hədiyyələr verilib.










