Süni intellekt bu xəstəliyi daha erkən aşkar edə bilir – ARAŞDIRMA
Təxminən 100 min qadının iştirak etdiyi araşdırma göstərib ki, süni intellekt (Sİ) sürətlə inkişaf edən və müalicəsi çətin olan bəzi süd vəzi xərçəngi növlərinin daha erkən və dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər.
ERAmedia xəbər verir ki, İsveçdə aparılan genişmiqyaslı süd vəzi skrininqi sınağının nəticələrinə əsasən, süni intellekt aqressiv süd vəzi xərçənglərinin vaxtında aşkarlanmasına dəstək olmaqla yanaşı, iş yükü ağır olan həkimlərin üzərindəki təzyiqi də azalda bilər.
“The Lancet” jurnalında dərc edilən tədqiqat 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına qədər İsveçin milli süd vəzi skrininq proqramında iştirak edən 40–80 yaş arası təxminən 100 min qadını əhatə edib.
Mamografiya süd vəzi xərçənginin erkən aşkar olunması və ölüm hallarının azaldılması üçün ən effektiv üsul kimi geniş şəkildə qəbul edilir. Avropa təlimatları mamoqramların bir-birindən asılı olmayan iki radioloq tərəfindən qiymətləndirilməsini tövsiyə edir.
Lakin tədqiqatçılar bildirirlər ki, süd vəzi xərçəngi hallarının təxminən 20–30 faizi müntəzəm skrininq müayinələri arasındakı dövrdə aşkarlanır. “Aralıq xərçənglər” adlandırılan bu hallar adətən daha sürətlə inkişaf edir, diaqnoz zamanı daha irəliləmiş mərhələdə olur və müalicəsi daha çətin sayılır.
Araşdırma çərçivəsində qadınlar təsadüfi şəkildə iki qrupa bölünüb. Bir qrupda mamoqrafiyalar iki radioloq tərəfindən qiymətləndirilib, digər qrupda isə süni intellekt mamogramlarda şübhəli sahələri işarələyib və son qərarı bir radioloq verib.
Süni intellekt dəstəkli qrupda iki il ərzində 11 daha az aralıq xərçəng halı qeydə alınıb. Bu, standart skrininqlə müqayisədə 12 faizlik azalma deməkdir və daha çox xərçəng hadisəsinin rutin müayinə zamanı aşkarlandığını göstərir.
Radboud Universiteti Tibb Mərkəzindən tədqiqatçı Cessi Qommers bildirib ki, süni intellekt radioloqları əvəz etmək üçün deyil, onları dəstəkləmək məqsədilə istifadə olunub: “Süni intellekt mamoqramlarda şübhəli sahələri işarələyərək radioloqlara şərh zamanı kömək etdi, lakin xəstənin yenidən çağırılması ilə bağlı qərarı yenə də radioloqlar verdi”.
Süni intellekt dəstəkli skrininqdə yalnız bir radioloqun qiymətləndirmə aparması iş yükünü də azaldıb. Araşdırmanın əvvəl açıqlanan nəticələrinə görə, radioloqların iş yükü 44 faiz azalıb. Tədqiqatçılar bunun xüsusilə kadr çatışmazlığı yaşayan səhiyyə müəssisələri üçün mühüm əhəmiyyət daşıdığını vurğulayırlar.
Qommers aralıq xərçənglərin azalmasının xüsusi önəm daşıdığını qeyd edərək deyib: “Bu cür xərçənglərin sayının mümkün qədər az olmasını istərsiniz, çünki onların daha aqressiv olduğu və xəstələr üçün daha pis nəticələrə gətirib çıxardığı məlumdur”.
Hər 20 qadından biri həyatının bir mərhələsində süd vəzi xərçəngi diaqnozu alır ki, bu da onu qadınlar arasında ən çox rast gəlinən xərçəng növünə çevirir.
2022-ci ildə dünyada təxminən 2,3 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulub və təxminən 670 min qadın bu xəstəlik səbəbilə həyatını itirib. Yalnız Avropada Dünya Səhiyyə Təşkilatının (DST/WHO) məlumatına görə, həmin il təxminən 558 min yeni hal qeydə alınıb.
Süni intellekt dəstəkli mamografiya artıq İsveç və Danimarkanın bəzi bölgələrində tətbiq edilsə də, tədqiqatçılar onun hələlik insan nəzarətini tam əvəz etməyə hazır olmadığını və daha çox sübuta ehtiyac duyulduğunu bildirirlər.
Müstəqil ekspertlər də bu texnologiyanın dünya üzrə geniş tətbiqi ilə bağlı ehtiyatlı olmağa çağırır. Edinburq Universitetinin Xərçəng Mərkəzinin baş tədqiqatçısı və süd vəzi xərçəngi üzrə məsul şəxs olan doktor Olqa Oikonomidou bildirib ki, araşdırma süni intellektin radioloqları əvəz edib-etməyəcəyindən çox, onların “daha sürətli və səmərəli” işləməsinə kömək edib-etməyəcəyinə fokuslanıb.
O, həmçinin süni intellekt sistemlərinin bir-birindən xeyli fərqləndiyini, dərmanlar qədər ciddi şəkildə sınaqdan keçirilməli olduğunu və onların ucuz alternativ sayılmadığını vurğulayıb.










