media-85ffe93a652913c00bd7555e6a4f629e_800

Azərbaycanda süni intellekt texnologiyalarının sürətlə yayılması fonunda bu sahədə hüquqi tənzimləmələrin gücləndirilməsi gündəmə gəlib. Mütəxəssislər hesab edir ki, yeni texnologiyaların yaratdığı risklər fonunda müəyyən məhdudiyyət və qaydaların tətbiqi artıq qaçılmazdır.

ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz hesab edir ki, süni intellekt vasitəsilə hazırlanan saxta video və səslərlə bağlı cəzaların sərtləşdirilməsi müəyyən mənada zəruri addımdır.

Onun sözlərinə görə, ölkədə süni intellektlə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif olunur və bu dəyişikliklər əsasən süni intellekt vasitəsilə hazırlanmış foto, video və audiomaterialların istifadəsinə dair tələbləri müəyyənləşdirir. Təkliflərə əsasən, belə materiallar yayılan zaman onların süni intellektlə hazırlandığı açıq şəkildə işarələnməlidir. Bu tələbi pozan şəxslərin cərimələnməsi nəzərdə tutulur.

O. Gündüz bildirib ki, daha ciddi məsələ deepfake texnologiyaları ilə bağlıdır. Təklif edilən dəyişikliklərə görə, şəxsin razılığı olmadan onun səsi və ya görüntüsü əsasında süni intellekt vasitəsilə saxta material hazırlamaq və yaymaq cinayət hesab olunacaq. Xüsusilə pornoqrafik və ya seksual xarakterli deepfake materialların hazırlanması və yayılması üçün 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.

Ekspert qeyd edib ki, bu təşəbbüs təsadüfi deyil. Son illərdə süni intellekt texnologiyalarının inkişafı ilə birlikdə deepfake manipulyasiyaları, reputasiya hücumları və xüsusilə seksual şantaj halları dünyada ciddi problemə çevrilib. Onun sözlərinə görə, bir çox ölkələr artıq bu risklərə qarşı hüquqi mexanizmlər formalaşdırmağa başlayıb və xüsusilə pornoqrafik deepfake-lərlə bağlı sərt yanaşmalar tətbiq olunur.

“Bu baxımdan belə addımlar şəxsi həyatın, ictimai nüfuzun və informasiya təhlükəsizliyinin qorunması üçün zəruri hesab oluna bilər”, – deyə o bildirib.

Bununla yanaşı, O. Gündüz vurğulayıb ki, süni intellektlə hazırlanmış materialların işarələnməsi media mühitində şəffaflıq yaratsa da, tətbiq mexanizmi düzgün qurulmasa müəyyən problemlər yarana bilər. Onun sözlərinə görə, bu prosesin necə həyata keçiriləcəyi, süni intellektlə hazırlanmış materialların hansı üsullarla müəyyən ediləcəyi və hansı səviyyədə istifadə zamanı işarələnmənin tələb olunacağı kimi məsələlər hələ də açıq qalır.

Ekspert qeyd edib ki, məsələn, şəkil və ya videonun hansı hallarda süni intellektlə hazırlandığının sübut edilməsi, əlavə proqram və alətlərdən istifadə olunduqda bunun necə qiymətləndiriləcəyi kimi məsələlər hüquqi mübahisələr yarada bilər.

“Yeni dəyişikliklərin tətbiqi ilə bağlı praktiki təcrübə olmadığı üçün müəyyən hallarda məmurlar tərəfindən əlavə bürokratik maneələrin yaranması riski də istisna deyil”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, əsas məsələ yalnız cəzaların sərtliyi deyil, qanunun praktikada necə tətbiq olunacağıdır. Çünki süni intellekt texnologiyaları sürətlə yayılır və yaxın illərdə media, kommunikasiya və yaradıcı sənayenin böyük hissəsi bu alətlərdən daha geniş istifadə edəcək.

O. Gündüz hesab edir ki, bu texnologiyalardan istifadə etməyən qurumlar gələcəkdə rəqabət mühitində geri qala bilər.

Ekspertin fikrincə, yeni hüquqi yanaşmalar hazırlanarkən iki mühüm məqsəd paralel şəkildə qorunmalıdır: həm vətəndaşların hüquqları, şəxsi həyatı və reputasiyası müdafiə olunmalı, həm də innovasiya, yaradıcılıq və açıq informasiya istehsalına, xüsusilə də xəbər istehsal edən qurumların fəaliyyətinə maneə yaradılmamalıdır.


media-adspc

Bənzər xəbərlər