Suriyada yeni mərhələ: Vaşinqton siyasətini dəyişdi
Suriyanın şimal-şərqində fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri”nin (SDF) müstəqil hərbi struktur kimi fəaliyyətinə xitam verilib.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, SDF-nin baş komandanı Mazlum Abdi avqustun 25-də Dəməşqdə təşkilatın ləğv edildiyini və qüvvələrin Suriya dövlət strukturlarına inteqrasiyasının başa çatdığını açıqlayıb.
Kənan Rövşənoğlunun sözlərinə görə, 2015-ci ildə ABŞ-ın dəstəyi ilə yaradılan SDF-nin əsasını Suriya kürd qüvvələri təşkil edib və onun mərkəzi rolunda YPG dayanıb. SDF ABŞ və digər müttəfiqlərin dəstəyi ilə İŞİD-ə qarşı mübarizədə əsas yerli tərəfdaşlardan biri olub və sonrakı illərdə Suriyanın şimal-şərqində geniş ərazilərə nəzarət edib.
Kənan Rövşənoğlu qeyd edib ki, SDF ilə Dəməşq arasında inteqrasiya prosesi bu ilin əvvəlində əldə olunan razılaşmadan sonra sürətlənib. Yanvar ayında imzalanan razılaşma SDF qüvvələrinin mərhələli şəkildə Suriya dövlət strukturlarına, o cümlədən orduya inteqrasiyasını nəzərdə tuturdu.
Onun sözlərinə görə, artıq SDF-nin hərbi qüvvələrinin Suriya ordusunun briqadalarına inteqrasiyası başa çatıb. Bununla da təşkilatın ayrıca hərbi struktur kimi mövcudluğuna son qoyulub. Paralel olaraq, SDF ilə bağlı mülki idarəetmə strukturlarının da Suriya dövlət institutlarına inteqrasiyası həyata keçirilib.
Kənan Rövşənoğlunun fikrincə, prosesin əsas amillərindən biri ABŞ-ın Suriya və SDF ilə bağlı siyasətində baş verən dəyişiklikdir. O bildirib ki, uzun müddət Vaşinqtonun İŞİD-ə qarşı mübarizədə əsas yerli tərəfdaşı olan SDF üçün ABŞ dəstəyinin əvvəlki səviyyədə davam etməməsi təşkilatın Dəməşqlə razılaşmağa məcbur olduğu şəraiti gücləndirib.
Reuters-in məlumatına görə, SDF ilə Dəməşq arasında inteqrasiya razılaşması ABŞ tərəfindən də “tarixi mərhələ” kimi qiymətləndirilib. Razılaşma Suriya hökumət qüvvələrinin yanvarda SDF-nin nəzarətində olan ərazilərin əhəmiyyətli hissəsini geri almasından sonra əldə olunub.
Kənan Rövşənoğlu vurğulayıb ki, SDF-nin ləğvi sadəcə hərbi təşkilatın buraxılması deyil, Suriyanın şimal-şərqində illər ərzində formalaşmış ayrıca idarəetmə modelinin də Dəməşqin dövlət strukturlarına inteqrasiyasının yekun mərhələsidir.
Mazlum Abdi də açıqlamasında yeni mərhələnin sülh, sabitlik və dövlət quruculuğu üzərində qurulacağını bildirib. O, həmçinin kürd dilində təhsil hüququnun qorunacağına dair Dəməşqdən verilən təminatları qeyd edib.
Beləliklə, təxminən on il ərzində Suriyanın şimal və şimal-şərqində mühüm siyasi-hərbi aktor kimi çıxış edən SDF-nin müstəqil hərbi qüvvə statusu başa çatıb və onun üzvlərinin böyük hissəsi Suriya dövlət strukturlarına inteqrasiya olunub.
Vüsalə










