Tarixin qaranlıq səhifəsi: Şahzadələrin qətli – XRONİKA
XVIII əsrin birinci yarısı Səfəvilər dövləti üçün dərin siyasi böhranlar və hakimiyyət uğrunda mübarizələrlə yadda qalıb.
ERAmedia bildirir ki, bu dövrdə Nadir şah Əfşar tədricən hakimiyyəti ələ keçirərək dövlətin taleyini müəyyən edən əsas fiqura çevrilib. Onun fəaliyyəti yalnız hərbi uğurlarla deyil, həm də saray daxilində baş verən dramatik hadisələrlə müşayiət olunurdu. Aşağıdakı mətn həmin dövrdə baş verən siyasi çevrilişləri və faciəli hadisələri əks etdirir.
1732-ci ilin avqustunda Nadir xan Əfşar Xorasandakı qiyamı yatırdıqdan sonra öz tərəfdarları olan əyanların dəstəyi ilə Şah II Təhmasibi hakimiyyətdən devirir və 4 aylıq (bəzi mənbələrdə 8 aylıq) Abbas Mirzəni hakimiyyətə gətirir. III Abbas adı ilə nominal şah elan olunan körpənin adından dövləti Səfəvi ordusunun baş komandanı Nadir xan idarə etməyə başlayır.
21 mart 1736-cı ildə Nadir xan Suqovuşanda özünü şah elan edir və III Abbası Səbzivara, atası II Təhmasibin yanına həbsə göndərir. Bundan sonra Nadir şah oğlu Rzaqulu xan Əfşarı naibüs-səltənə təyin edərək Hindistana yürüşə gedir.
İraqda belə bir şayiə yayılır ki, Hindistanda Əfşar ordusu ağır məğlubiyyətə uğrayıb və Nadir şah həlak olub. Bu xəbərlər İranda da yayılaraq vahimə yaradır. Həmin ilin sonunda Nadir şahın ölümü ilə bağlı şayiələr daha da güclənir.
Bu vəziyyətdə Rzaqulu mirzə ehtiyat edərək Səbzivarda saxlanılan Səfəvi məhbuslarının azad olunacağı təqdirdə qiyam baş verəcəyindən qorxur. Buna görə o, Şah II Təhmasib və onun oğullarının öldürülməsi barədə qərar verir və bu işi həyata keçirmək üçün Məhəmməd Hüseyn xanı Səbzivara göndərir.
Hüseyn xan həbsxanaya daxil olduqda II Təhmasib baş verəcək hadisəni ailəsinə bildirir və ailə üzvləri fəryad etməyə başlayırlar. Kiçik oğlu İsmayıl Mirzə əvvəlcə quyuya atılır, lakin sonra çıxarılır. O, atasının və qardaşının cənazələri üzərinə atılır, lakin Məhəmməd Hüseyn xan onun da başını kəsir.
Bu hadisə Səbzivarda böyük dəhşətə səbəb olur. Əhali bir neçə gün matəm saxlayır, sonra isə öldürülənlərin cənazələri Məşhəd şəhərinə aparılaraq orada dəfn edilir.
Məhcur Şirvaninin “Qisseyi-Şirzad” əsərində təsvir olunan hadisələr dövrün siyasi reallıqları ilə uyğunluq təşkil edir. Əsərdə III Abbasın ölümündə Nadir şahın əlinin olması ilə bağlı şayiələrə də işarə edilir. Tədqiqatçılar hesab edirlər ki, əsərdəki Kamil vəzir obrazı vasitəsilə müəllif Nadir şahın obrazını yaratmağa çalışmışdır.
Əli Fərhad









