Təhsil eksperti çağırış etdi: “Bu universitetə əlavə bir yer verilsin”
Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev 610,4 bal toplamasına baxmayaraq ali məktəbə qəbul ola bilməyən abituriyentin vəziyyəti ilə bağlı ERAmedia-ya açıqlama verib.
Etibar Əliyev bildirib ki, IV qrup üzrə hazırlaşan və arzusunun Qarabağ Universitetinin Tibb fakültəsində təhsil almaq olduğunu deyən abituriyentin göstərdiyi nəticə və məqsədyönlülüyü təqdirəlayiqdir.
Qeyd edək ki, Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı, Qarabağ Universitetinin Klinikasının baş direktoru Dr. Samir Babayev də abituriyentə ünvanladığı ruhlandırıcı sözlərdə onun 610,4 bal toplamasını potensialının göstəricisi kimi qiymətləndirib.
“Sevmədiyiniz bir ixtisası seçmək əvəzinə məqsədinizin arxasınca getmək qərarınıza hörmət edirəm. Ümid edirəm ki, gələn il zəhmətinizin qarşılığını alacaqsınız və bəlkə də yollarımız Qarabağ Universitetində kəsişəcək. Sizə ürəkdən uğurlar arzulayıram!” – deyə Dr. Samir Babayev bildirib.
Etibar Əliyevin sözlərinə görə, cəmiyyət üzvlərinin də bu gəncə dəstək olması və ona ümidverici sözlər yazması təqdirəlayiqdir. Lakin onun fikrincə, belə bir vəziyyətdə yalnız ruhlandırıcı mesajlar yazmaqla kifayətlənmək əvəzinə, aidiyyəti qurumlara konkret təkliflə müraciət etmək daha faydalı ola bilər.
“Düşünürəm ki, aidiyyəti qurumlara bir məsələ ilə bağlı müraciət etmək olar: Qarabağ Universitetinin Tibb fakültəsinə əlavə bir yer ayrılsın. Universitet yeni yarandığı üçün bir gəncin öz arzusuna çatmasına şərait yaradılması həmin universitetin tarixində və bioqrafiyasında qızıl hərflərlə yazıla bilər”, – deyə ekspert vurğulayıb.
Etibar Əliyev hesab edir ki, 610,4 bal toplamış gəncin istəyinin reallaşması onun gələcək təhsil həyatına da müsbət təsir göstərə bilər.
“Əgər həmin yer ayrılarsa, tam əminliklə deyirəm ki, 610,4 bal toplamış gənc bundan ruhlanaraq gələcəkdə böyük təhsil uğurlarına imza ata bilər. Məlumatım var ki, təcrübədə belə hallar olub. Apatiya vəziyyətinə düşmüş balamızın Qarabağ Universitetinin Tibb fakültəsinə əlavə yer ayrılmaqla qəbul olunması yalnız onun deyil, cəmiyyətin də sevincinə səbəb ola bilər”, – deyə Etibar Əliyev bildirib.
Ekspertin fikrincə, yüksək nəticə göstərmiş, konkret məqsədi və arzusu olan bir gəncin təhsil yolunun qarşısındakı maneənin aradan qaldırılması həm həmin abituriyent, həm də cəmiyyət üçün müsbət nümunə ola bilər.










