Təhsil sistemində ciddi problemlər - Sabiq deputat XƏBƏRDARLIQ EDİR
ABŞ-ın keçmiş prezidenti Barak Obama 2009-cu ildə pedaqoqlar qarşısında etdiyi çıxışında Cənubi Koreya təhsil sistemini nümunə göstərərək ABŞ-da dərs müddətinin azlığını tənqid etmişdi.
ERAmedia xəbər verir ki, Azərbaycan Milli Məclisinin sabiq deputatı, təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bu yanaşma Azərbaycan təhsil sistemi üçün də aktualdır.
E.Əliyev hesab edir ki, Azərbaycanda məktəblərdə real tədris müddəti formal olaraq görünəndən xeyli azdır. Ekspert qeyd edib ki, dərslərin sentyabrın 15-də başlaması tədris prosesində ən azı iki həftə vaxt itkisinə səbəb olur.
Sabiq deputat bildirib ki, Dövlət İmtahan Mərkəzinin mart ayının əvvəlindən buraxılış imtahanlarına başlaması da məktəblərdə tədrisin ritmini pozur. Onun sözlərinə görə, imtahanlardan sonra xüsusilə yuxarı siniflərdə davamiyyət kəskin şəkildə aşağı düşür.
Ekspert vurğulayıb ki, imtahana yönəlmiş təhsil sistemi məktəbdə dərs müddəti anlayışını faktiki olaraq formal xarakterə çevirib:
“Bu gün təhsil sistemində əsas ağırlıq məktəbdən kənarda – kurslarda və repetitor hazırlığında cəmləşib. Valideynlər övladlarının imtahanlara hazırlaşması üçün böyük məbləğdə vəsait xərcləməyə məcbur qalırlar. Məktəb isə getdikcə yalnız attestat verən bir təsisata çevrilir”.
Etibar Əliyevin sözlərinə görə, tətillər də nəzərə alındıqda şagirdlər il ərzində faktiki olaraq altı aydan bir qədər artıq müddətdə məktəbdə dərs keçirlər.
Təhsil eksperti hesab edir ki, bu vəziyyət məktəbin əsas funksiyalarını zəiflədir:
“Belə irrasional sistemin içində qalan məktəb zəruri biliklərin verilməsi, tərbiyə və fiziki hazırlığın gücləndirilməsi kimi vacib funksiyalarını tədricən itirir. Nəticədə məktəb şəxsiyyət yetişdirmək missiyasını yerinə yetirməkdə çətinlik çəkir”.
Vüsalə










