media-whatsapp-image-2026-08-28-at-11-42-33

Nepal və Çin sərhədində baş verən güclü sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı hər keçən saat artır.

ERAmedia xəbər verir ki, Nepal polisinin yaydığı rəsmi məlumata görə, sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 469-a yüksəlib. Çinin Tibet bölgəsində isə 3 nəfərin öldüyü bildirilib.

Can itkilərinin artdığı bir vaxtda Tibet ərazisində baş verən nəhəng sürüşmə nəticəsində çayın qarşısının kəsilməsi və yaranmış təbii bəndin dağılması vəziyyəti daha da ağırlaşdırıb.

Milyonlarla kubmetr suyun Nepal istiqamətində sürətlə hərəkət etməsi ilə əlaqədar bölgədə “qırmızı həyəcan” elan olunub. Təhlükə səbəbindən ərazidə aparılan bütün axtarış-xilasetmə işləri təcili şəkildə dayandırılıb.

Mütəxəssislərin günlərdir xəbərdarlıq etdiyi və “saatlı bomba” adlandırdığı təbii bənd bölgədə aramsız yağan yağışların yaratdığı təzyiqə tab gətirməyib. Tibetdəki Şiqatse bölgəsinin Jilong ərazisində yaranan su hövzəsinin uzunluğu 150 metrə, dərinliyi isə təxminən 50 metrə çatıb. Burada 1,5–2 milyon kubmetr həcmində su kütləsi toplanıb.

Su hövzəsini saxlayan bəndin beton konstruksiyadan deyil, boş qayalar, torpaq və çöküntülərdən ibarət olması onun sürətlə dağılması riskini artırıb.

Çinin Su Ehtiyatları Nazirliyi daha əvvəl davam edən yağışlar fonunda gölə təxminən 3 milyon kubmetr əlavə su axacağının gözlənildiyini açıqlamışdı. Bu həcm təxminən 1 200 olimpiya ölçülü üzgüçülük hovuzunu doldurmağa kifayət edəcək qədər böyükdür. Çin tərəfi 1 sentyabrı kritik hədd kimi müəyyən etsə də, təbii bənd gözlənilən tarixdən əvvəl dağılıb.

Bölgədə fəlakətlər zəncirinin avqustun 26-da Himalay dağlarından buzlaq və qaya parçalarının qopması ilə başladığı bildirilir. Saatda 180 kilometrədək sürətlə hərəkət edən nəhəng kütlə təxminən 20 kilometrlik vadi boyunca irəliləyib.

Vadini dolduran dağıntı axını nəticəsində təbii bəndlər yaranıb və sonrakı mərhələdə güclü selə səbəb olub.

Hazırda bölgədə vəziyyətin kritik olaraq qaldığı, axtarış-xilasetmə işlərinin isə yeni sel təhlükəsi səbəbindən dayandırıldığı bildirilir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər