media-telemmglpict000468769152_17727390290940_trans_nvbqzqnjv4bqz9xl2x431wtpnfe7gdjfddhhmh81y8gqx3ipa8ymo0k

ABŞ administrasiyasının ölkəyə sığınacaq üçün müraciət edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı iddia olunur.

ERAmedia xəbər verir ki, ABŞ-nin miqrasiya və viza siyasətində genişmiqyaslı yeni addım atmağa hazırlaşdığı bildirilir. “Associated Press”in əldə etdiyi Dövlət Departamentinin sənədləri və iki rəsmi şəxsin verdiyi məlumata görə, bəzi B1 və B2 vizaları yenidən nəzərdən keçirilir.

Planın 2016-2026-cı illər arasında viza almış və daha sonra ABŞ-də sığınacaq üçün müraciət etmiş və ya hazırda müraciət prosesi davam edən təxminən 200 min əcnəbini əhatə etdiyi bildirilir.

Mümkün viza ləğvindən sonra həmin şəxslərin dərhal deportasiya edilməyəcəyi qeyd olunur. Hazırda sığınacaq müraciətləri baxılma mərhələsində olanların əksəriyyətinin yenidən təsnifləndiriləcəyi, lakin iş və ya turizm məqsədilə ABŞ-də qalmaq statuslarını itirəcəkləri bildirilir.

“Associated Press”in məlumatına görə, son 18 ay ərzində ABŞ Dövlət Departamenti sərxoş vəziyyətdə avtomobil idarə etmək, zorlama və quldurluq kimi müxtəlif cinayətlərə görə məhkum edilmiş və ya ittiham olunmuş şəxslərin, eləcə də xüsusilə Yaxın Şərqdə ABŞ siyasətini açıq şəkildə tənqid edən şəxslərin təxminən 175 min vizasını ləğv edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommy Pigott “Associated Press”ə açıqlamasında ləğv edilə biləcək vizaların dəqiq sayı barədə məlumat verməyib. O bildirib ki, ABŞ-yə qısamüddətli səfərçi kimi daxil olduqdan sonra ölkədə daimi qalmaq üçün sığınacaq müraciəti edən şəxslərin qeyri-immiqrant vizalarını müəyyənləşdirmək və ləğv etmək məqsədilə Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edilir.

Pigottun sözlərinə görə, proses davam etdiyindən vizaların ləğv ediləcəyi şəxslərin sayı dəyişə bilər və bu proses mərhələli şəkildə həyata keçiriləcək.

“Associated Press”in əldə etdiyi Dövlət Departamentinin sənədləri göstərir ki, qurum ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərindən sığınacaq müraciətləri ilə bağlı məlumat aldıqdan sonra qüvvədə olan B1 və B2 vizalarının sahiblərini araşdırmağa başlayıb.

ABŞ-də B1 vizaları əsasən işgüzar səfərlər, B2 vizaları isə turizm, ailə ziyarətləri və tibbi məqsədlərlə səfərlər üçün verilir.


media-adspc

Bənzər xəbərlər