Trampdan İrana müharibə xəbərdarlığı: “Yenidən başlaya bilər”
ABŞ prezidenti Donald Tramp İrana dair diqqətçəkən açıqlamalar verib. İranın hər hansı bir amerikalı hərbçini hədəf alacağı halda Vaşinqtonun çox sərt cavab verəcəyini bildirən Tramp belə bir vəziyyətdə müharibənin yenidən başlaya biləcəyini deyib.
ERAmedia xəbər verir ki, Ağ Evdə çıxış edən Tramp Rusiya–Ukrayna müharibəsi və İranla bağlı gərginlik barədə sualları cavablandırıb. Onun xüsusilə İranla bağlı istifadə etdiyi ifadələr Vaşinqton–Tehran xəttindəki həssas balansın yenidən gündəmə gəlməsinə səbəb olub.
Tramp İranın amerikalı hərbi şəxsi öldürməsi halında bunun müharibənin yenidən başlamasına səbəb olub-olmayacağı sualına açıq cavab verib.
“Bəli, bu müharibəyə qayıtmaq üçün güclü səbəb olardı. Açığını desəm, əgər ABŞ əsgərləri öldürülərsə, buna çox sürətli şəkildə cavab verərdim”, – deyə o bildirirb.
Onun sözləri ABŞ-ın regiondakı hərbi mövcudluğuna qarşı mümkün hücumlara qarşı sərt mövqeyini davam etdirəcəyinin göstəricisi kimi qiymətləndirilir.
Tramp həmçinin Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırılması istiqamətində diplomatik təşəbbüslərə də toxunub.
Tramp tərəflərin razılaşmaya gələ biləcəyini deyib:
“Bunun baş verəcəyini düşünürəm. Hər iki tərəfin güzəştə gedəcəyinə inanıram. Bu güzəştləri mən təklif etmişəm və prosesdə mühüm rol oynamışıq”.
Onun bu açıqlamaları Vaşinqtonun müharibənin dayandırılması üçün diplomatik təmasları davam etdirdiyini göstərir.
ABŞ Prezidenti İranın dini lideri Ayətullah Əli Xamneyinin oğlu və ölkədə nüfuzlu fiqur kimi tanınan Müctəba Xamneyi ilə mümkün görüş barədə də danışıb.
Tramp mümkün razılaşma əldə olunacağı halda belə bir görüşə açıq olduğunu bildirib:
“Əgər bir razılaşmaya gəlsək, onunla görüşüm mümkün ola bilər. Buna müsbət yanaşaram”.
Trampın İrana yönəlmiş sərt mesajları Yaxın Şərqdə son dövrlərdə artan gərginlik fonunda səslənib. Vaşinqton administrasiyası bölgədəki ABŞ hərbi qüvvələrinə qarşı istənilən hücumu “qırmızı xətt” kimi qiymətləndirir, Tehran isə ABŞ-ın bu cür bəyanatlarını regional sabitliyi pozan addım kimi dəyərləndirir.
Ekspertlərin fikrincə, Trampın açıqlamaları həm İrana, həm də regiondakı İran yönlü qruplara qarşı açıq çəkindirmə mesajı daşıyır.
Vüsalə









