Trampın İrana qarşı iqtisadi müharibəsi: Çin geri çəkiləcəkmi?
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni müharibəyə başlamaqdansa, bu ölkənin iqtisadi çöküşünü təmin etməyə çalışır.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Ağ Ev bu məqsədlə İrana qarşı yeni sanksiyalar paketi qəbul edib və eyni zamanda Hörmüz boğazına nəzarəti gücləndirməyə çalışır.
Onun sözlərinə görə, Pentaqonun açıqlamasında ABŞ hərbi gəmilərinin Hörmüz boğazını minalardan təmizlədiyi, həmçinin boğazdan neft və sıxılmış qaz daşıyan tankerlərin təhlükəsizliyinin təmin edildiyi bildirilib. Bununla belə, SEPAH generalları bu məlumatları təkzib ediblər.
Elxan Şahinoğlu qeyd edib ki, Donald Tramp yalnız İranı deyil, bu ölkə ilə müxtəlif formalarda əməkdaşlıq edən ölkə və şirkətləri də hədəfə almağa hazırlaşır. Onun sözlərinə görə, bu siyahıda ilk növbədə Çin dayanır. Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib və İranla əməkdaşlıq edən Çin şirkətləri və banklarının sanksiyalardan kənarda qalmayacağını vurğulayıb.
Siyasi şərhçinin fikrincə, Pekin Vaşinqtonun təzyiqi qarşısında geri çəkilmək niyyətində deyil. Çin rəsmiləri Trampın açıqlamalarına sərt reaksiya verərək İranla əməkdaşlığı davam etdirəcəklərini bildiriblər.
“Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən brifinqdə ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərək Çinin birtərəfli sanksiyalara qarşı olduğunu deyib. Pekin hesab edir ki, bu cür addımlar münaqişələrin daha da genişlənməsi riskini artırır. Çin tərəflər arasında gərginliyin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bir daha vurğulayıb”, – deyə Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Pekin Trampın hədəsi qarşısında geri çəkilərsə, bu, Çinin beynəlxalq nüfuzuna zərbə vura bilər. Çin İran neftinin əsas alıcılarından biridir və Pekinin Tehranla enerji və ticarət əlaqələrindən imtina etməsi real görünmür.
Elxan Şahinoğlu xatırladıb ki, Donald Tramp avqustun 20-də İrana qarşı beynəlxalq təcrid məqsədi daşıyan genişmiqyaslı iqtisadi kampaniyanın başladığını elan edib. ABŞ Prezidenti maliyyə qurumlarına, şirkətlərə, hava limanlarına və dövlət qurumlarına İranı dəstəkləməyə icazə verən ölkələrin ciddi iqtisadi nəticələrlə üzləşəcəyini də açıqlayıb.
“Vaşinqtonun hədəsinə Tehran da hədə ilə cavab verib. İran Xarici İşlər Nazirliyinin bəyanatında bütün müstəqil ölkələrin ABŞ-ın İrana qarşı iqtisadi müharibəsində iştirakdan imtina etməli və istənilən sanksiyanı rədd etməli olduğu vurğulanıb. SEPAH komandanlığının hədəsi isə daha sərtdir. İran generalları ABŞ-ın sanksiyalarına riayət edən ölkələri hədəf seçəcəklərini açıqlayıblar”, – deyə siyasi şərhçi vurğulayıb.
Azərbaycanın bu qarşıdurmada mümkün risklərinə toxunan Elxan Şahinoğlu bildirib ki, Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycanla birbaşa əlaqəsi yoxdur.
“Azərbaycan bütün qonşuları ilə olduğu kimi, İranla da ticarət əlaqələrinin davamında maraqlıdır. İki ölkə arasında məhdud həcmdə enerji mübadiləsi də mövcuddur. Bununla yanaşı, Azərbaycan İranda heç bir layihəni maliyyələşdirmir. Odur ki, ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməyə heç bir əsası yoxdur”, – deyə o bildirib.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan ABŞ-ın təzyiqi qarşılığında İranla qanuni ticarət əlaqələrindən imtina etməyəcək.
“Digər tərəfdən, Azərbaycan Ağ Evin hədəsi qarşılığında İranla ticarət əlaqələrindən də imtina etməyəcək. Bu baxımdan SEPAH komandanlığının hədəsinin də Azərbaycana aidiyyatı yoxdur”, – deyə Elxan Şahinoğlu əlavə edib.
Əli Fərhad










