Türkiyə iqtisadiyyatının ikinci rübdəki göstəriciləri açıqlanıb
Türkiyə iqtisadiyyatı cari ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz böyüyüb. Bununla da ölkə iqtisadiyyatının fasiləsiz artım seriyası 24-cü rübə çatıb.
ERAmedia xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, ikinci rübdə ən yüksək artım 13,3 faizlə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sektorunda qeydə alınıb. İnformasiya və kommunikasiya fəaliyyətləri 8,6 faiz, sənaye 2,4 faiz, maliyyə və sığorta fəaliyyətləri isə 2,1 faiz artıb. Tikinti sektorunda isə 1,9 faiz azalma olub.
Mövsümi və təqvim təsirlərindən təmizlənmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki rüblə müqayisədə 1,1 faiz artıb.
Cari qiymətlərlə ÜDM illik müqayisədə 36 faiz artaraq 19 trilyon 869 milyard 747 milyon lirəyə, ABŞ dolları ifadəsində isə 438 milyard 347 milyon dollara çatıb.










