Uğurlu müəllim və ya müəllimin uğuru! - Orxan İsayev yazır...
Hər tədris ili bitəndən sonra müxtəlif sosial şəbəkələrdə hazırlıqla məşğul olan, müxtəlif lisey və gimnaziyalarda çalışan müəllimlərin yüksək ballı abituriyentlərin nəticələrini böyük fərəhlə paylaşdıqlarının şahidi oluruq. Bu nəticələr haqlı olaraq həmin müəllimlərin reklam roliklərinə çevrilir və təbii ki, hər birimiz bilirik ki, dünyanı reklam idarə edir. Bu səbəbdəndir ki, böyük-böyük şirkətlər öz reklamları üçün milyonlarla vəsait xərcləyirlər.
Ancaq məsələyə heç belə yanaşmısınız ki, bir hazırlıq müəlliminin yanına hazırlığa gedən və 600 baldan yüksək nəticə toplayan abituriyent sayı neçə faiz təşkil edir?
Cavab: Ən çoxu 10% təşkil edər, digər 200-300 intervalında bal toplayan şagirdlərin sayı isə 70-80% təşkil edir. Bu yöndən baxsaq, heç bir müəllim uğurlu görünməz.
Əsl həqiqətdə müəllimlərin uğur göstəriciləri burada gizlidir. Məsələn, mənim bu tədris ilində bir neçə abituriyentim tədris etdiyim fənni 100% yazdı və ümumilikdə bir neçə şagirdim də qəbul imtahanda 600 balı keçdi. Mən onların nəticələinə sevindim, amma bu nəticələrlə öyünmədim. Çünki yüksək ballı abituriyentlə öyünən müəllim gərək az ballı abituriyentə görə də utana, hansı ki, onların sayı daha çoxdur.
Gəlin məsələyə tam başqa yöndən baxaq. Bura qədər yazdıqlarımızla müəllimlər elə düşünər ki, onların əməyini yaxşı dəyərləndirmirik, tam əksinə müəllimlərin uğurunu və əsl reklamlarını başqa yöndə və ən əsası kütləvi yöndə axtaracayıq.
Gəlin baxaq, dünyanın ən məşhur pedaqoqlarına, Makarenkoya, Uşiniskiyə. Kimdir onlar, çətin tərbiyə olunan şagirdlərin gimnaziya direktoru və müəllimi. Demək ki, ən güclü pedaqoqu zəif şagirdlər yetişdirir və ya ən güclü pedaqoq bilik bazası zəif olan, oxuma vərdişi olmayan şagirdlərdə bu vərdişləri formalaşdırandır.
İbtidai təhsili, bilik bazası güclü olan şagirdləri yönləndirmək daha asandır, az əməklə güclü nəticə əldə olunur. Ancaq bilik bazası zəif olan və pis vərdişlırə yeyələnmiş şagirdlərlə iş daha çətin olur, belə ki, oxumaq üçün biz əvvəlcə onlarda pis vərdişləri aradan qaldırmalı,sonra oxumağın zərurətini onlara inandırmalıyıq. Bu təhsildə ən çətin işdir, həm də ən uğurlu nəticədir.
Məhz müəllimlərin əsl reklamı budur, heç oxumayan, oxumağı sevməyən şagirdlərdə oxumaq vərdişi yaratmaq, onları 0-dan 250-300 bala qaldırmaq daha böyük uğurdur və minlərlə valideyn belə müəllim axtarır.
Reysdə olan qatarı idarə etmək daha asandır, çətin və şərəfli olan qatarı reysə qaytarmaqdır.
Mənim üçün hər tədris ilində ən çox sevindiyim nəticələr məhz bu cür şagirdlərin uğurudur.
Evimizdə də belədir, sağlam uşağın qidalanması, deyib gülməsi bizi elə də sevindirmir, amma xəstə uşağın qidalanmağa başlaması, ayağa qalxması bizi daha çox sevindirir.
Gəlin “xəstə”uşalarımızın qayğısına daha çox qalaq.
Müəllimin əsl uğuru budur, çətin olanı mümkün qılmaq.
Təhsil eksperti










