Vuçiç yenidən prezidentliyə namizəd olmayacaq
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, proteksionizm siyasəti səbəbindən Avropa iqtisadi çöküş riski ilə üzləşə bilər.
ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Vuçiç Avropa İttifaqından məyus olduğunu dilə gətirərək, ölkəsinin Çinlə əlaqələrinin daha da dərinləşdiyini qeyd edib. Serbiya dövlət başçısının sözlərinə görə, arxayınlıq və aşağı məhsuldarlıq fonunda Avropa yavaş-yavaş iqtisadi tənəzzülə doğru irəliləyir.
“Avropa, Çin və ABŞ arasında investisiya axınını çətinləşdirən həddindən artıq çox maneə mövcuddur. Nəticə etibarilə, proteksionizm Avropanı məhv edir”, – deyə Vuçiç bildirib.
Bundan əlavə, konstitusiyaya uyğun olaraq 2027-ci ildə hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra Vuçiç yenidən prezidentliyə namizəd olmayacağını təsdiqləyib. Lakin o, gələcəkdə respublikanın baş naziri postunu tutmaq arzusunda olduğunu da istisna etməyib. Bununla yanaşı, Vuçiç Aİ-yə üzvlüyü hələ də əsas məqsəd kimi dəyərləndirir və Avropa siyasətçilərini cəsarətli addımlar ataraq ittifaqın genişlənməsini davam etdirməyə çağırıb.









