Vyananın məşhur muzeyində Azərbaycana aid antik əşya
Avstriyanın Vyana şəhərində yerləşən Təbiət Tarixi Muzeyində saxlanılan və Azərbaycanın ərazisindən tapılmış qədim dövrə aid antik əşya 1881–1893-cü illər arasında o dövrdə Antropologiya və Etnoqrafiya şöbəsinin direktoru olmuş Frans Heger tərəfindən satın alınmışdır.
Son Tunc və Dəmir dövrlərinə aid, Azərbaycanın Xocalı–Gədəbəy arxeoloji mədəniyyətinə mənsub olan əksər əşyalar isə 1898-ci ildə Avstriya entomoloqu və tədqiqatçısı Hans Lederin indiki Göygölə (o zamankı Yelenendorf) səfəri zamanı əldə edilmişdir.
Azərbaycanda tapılmış çəkmə formalı bədii keramika qab e.ə. 1200–900-cü illərə aiddir. Ağ işləmələrlə zəngin şəkildə bəzədilmiş, çəkmə formasında hazırlanmış bu yüksək keyfiyyətli keramik qab üzərindəki mürəkkəb dekorasiya dəri çəkmələrin tikiş və bəzək elementlərini xatırladır. Bu isə Azərbaycan coğrafiyasında qədim dövrlərdən etibarən insanların yüksək sənətkarlıq bacarıqlarına və inkişaf etmiş geyim mədəniyyətinə malik olduğunu göstərir.
Qab Azərbaycan dulusçularının son tunc–erkən dəmir dövründə keramika məmulatlarının hazırlanması sahəsində peşə bacarıqlarının səviyyəsi, eləcə də dövrün dini-fəlsəfi dünyagörüşü, xüsusilə axirət dünyası ilə bağlı inancları haqqında dolğun təsəvvür yaradır.
Azərbaycan ərazisində tapılmış ən qədim dulusçuluq nümunələri çoxrəngliliyi və mürəkkəb naxış-bəzək sistemi ilə seçilir. Qədim yerli ənənələrə əsaslanan Azərbaycan incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf mərhələlərini səciyyələndirən rəngkarlıq sənəti tədricən aradan çıxır; keramikaya vurulan əlvan naxışlar isə əsasən daha bəsit xarakter daşıyır.
Tunc və Dəmir dövrlərini əhatə edən rəngli keramika mədəniyyəti bizə bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Bu dövrün bədii keramikasındakı dekor prinsipləri və bir çox motivlər qədim türk sivilizasiyaları ilə bədii-texnoloji əlaqələrin və qarşılıqlı təmasın mövcudluğunu sübut edir.
Muzeyin rəsmi saytında da qeyd olunur ki, bu antik əşya Azərbaycan mədəniyyətinin bir parçasıdır: https://www.nhm.at/…/prehistory/collections/caucasus
Bu qab kimi yüzlərlə, hətta minlərlə antik əşya müxtəlif arxeoloji qazıntılar nəticəsində dünya muzeylərində sərgilənir. Londonun Viktoriya və Albert Muzeyi, Parisin Luvr Muzeyi, Nyu-Yorkun Metropoliten Muzeyi, Vyana, Roma, Berlin, İstanbul, Tehran və Qahirənin zəngin muzey kolleksiyalarında Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının hazırladığı sənət nümunələrinə rast gəlmək mümkündür.
Avropa, Asiya və Amerika qitələrində yerləşən ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılmış bu nadir sənət əsərlərinin çoxu ya ayrı-ayrı şəxslərdən satın alınmış, ya müxtəlif dövrlərdə Azərbaycanda olmuş əcnəbi səyyahlar, tacirlər, diplomatlar və alimlər tərəfindən aparılmış, ya da birbaşa qarət edilmişdir.
Bu gün Hindistanla İngiltərə arasında dünyanın ən bahalı almazlarından biri uğrunda hüquqi mübarizə davam edir. Hindistan hökuməti müstəmləkə dövründə Böyük Britaniyaya aparılmış məşhur “Kohi-nur” almazını geri qaytarmaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
Bizdə isə Mədəniyyət Nazirliyi və bu sahə üzrə dövlət büdcəsindən maliyyələşən qurumların diqqəti əsasən şou-biznesə yönəlib. Tariximizin böyük bir parçası isə dünya muzeylərində Azərbaycana həsrətlə baxır…
Zaur Əliyev









