1937-ci il repressiyalarının əsas fiqurlarından biri haqqında yeni müzakirələr
Ağasəlim Atakişiyevin fəaliyyəti və taleyi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşım yenidən müzakirələrə səbəb olub.
ERamedia xəbər verir ki, Cavid Zeynallının paylaşımında SSRİ dövründə təhlükəsizlik orqanlarında çalışmış Ağasəlim Atakişiyevin 1937-ci il repressiyalarındakı rolu, sonrakı fəaliyyəti və şəxsi həyatı ilə bağlı bir sıra iddialar yer alıb.
Paylaşımda qeyd olunur ki, Ağasəlim Atakişiyev sonralar İkinci Dünya müharibəsində iştirak edib, general rütbəsinə yüksəlib və 1950–1953-cü illərdə Azərbaycan SSR-in daxili işlər naziri vəzifəsində çalışıb. Müəllif onun 1937-ci il repressiyalarında fəal iştirak etdiyini, bir sıra tanınmış Azərbaycan ziyalılarının istintaq proseslərində mühüm rol oynadığını iddia edir.
Cavid Zeynallının paylaşımında Mikayıl Müşfiqlə bağlı Mircəfər Bağırova ünvanlandığı bildirilən məktubdan da sitat təqdim olunur. Həmin məktubda şairin davranışı barədə məlumat verildiyi və onun daha sərt nəzarət altında saxlanılması təklif olunduğu qeyd edilir.
Paylaşım müəllifinin iddiasına görə, Ağasəlim Atakişiyev istintaq zamanı Əhməd Cavadın ağır işgəncələrə məruz qalması ilə bağlı ifadə verib və şairin istintaq prosesində həyatını itirdiyini bildirib.
Məqalədə həmçinin qeyd olunur ki, 1956-cı ildə Atakişiyev 25 il müddətinə azadlıqdan məhrum edilsə də, 13 ildən sonra həbsdən buraxılıb. Müəllif iddia edir ki, onun vaxtından əvvəl azad olunması üçün tarixçi Ziya Bünyadov müraciət edib. Paylaşımda bunun səbəbi kimi Bünyadovun repressiyalar dövrünə dair məlumatların toplanması və sonradan “Qırmızı terror” əsərinin hazırlanması göstərilir.
Yazıda Atakişiyevin ailəsi ilə bağlı diqqətçəkən məqam da yer alır. İddiaya əsasən, vaxtilə repressiyaya məruz qaldığı bildirilən Əhməd Rəcəblinin qızı Xalidə ilə Atakişiyevin oğlu Tofiq ailə qurub. Müəllif qeyd edir ki, Atakişiyev həbsdən qayıtdıqdan sonra repressiya etdiyi şəxsin qızını öz evində gəlin kimi görüb.
Qeyd edək ki, paylaşımda yer alan məlumat və iddialar müəllif Cavid Zeynallıya məxsusdur və onların bir hissəsi tarixçilər arasında müxtəlif yanaşmaların mövzusu olaraq qalır.









