25 min nəfəri elektrik enerjisi ilə təmin ediləcək
Kəlbəcər rayonunda istifadəyə verilən “Aşağı Vəng” və “Nadirxanlı” KSEK-lər 25 min nəfəri elektrik enerjisi ilə təmin edəcək.
Bu barədə rayonda fəaliyyətə başlayan “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarına təşkil olunan mediaturda bildirilib.
Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib.
Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9 min 300 metr uzunluğunda derivasiya borusu çəkilib. Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.
“Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Kəlbəcər rayonunun 8 nəfər sakini stansiyalarda işlə təmin olunub.
Bildirilib ki, “Çaykənd” KSEK-in gücü 5 MVt-dır. Bu, “AzərEnerji” tərəfindən Kəlbəcərdə istismara verilən sayca on birinci “yaşıl enerji” obyektidir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından biri olan Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. Təxminən 7 min nəfəri ekoloji təmiz yaşıl enerji ilə təmin edəcək stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək.
Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq. Stansiyanın enerjisistemə inteqrasiya üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti çəkilib. Stansiya ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3.2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur. Burada 4 nəfər Kəlbəcər sakini işlə təmin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.