Abidələrə qarşı erməni vandalizm: Tarixin izləri necə silinib? - FOTOLAR
Erməni mediası yazır ki, Azərbaycan tərəfi guya Ağdərədə İkinci Dünya Müharibəsi (1941–1945) iştirakçılarının xatirəsinə həsr olunmuş abidəni “dağıdıb”. Bu iddianı irəli sürənlər görəsən 28 il ərzində işğal altında olan Qarabağda İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə qoyulan abidələri məhv etdiklərini niyə görməzdən gəlir?
İşğal altındakı torpaqlar azad edildikdən sonra məlum oldu ki, təkcə dini və mədəni abidələr deyil, bu tip xatirə abidələri də sistemli şəkildə məhv edilib. Füzuli, Cəbrayıl və Ağdam kimi rayonlarda sovet dövründə ucaldılmış “Naməlum Əsgər” abidələri və müharibə qurbanlarının xatirə kompleksləri demək olar ki, yerlə-yeksan edilib. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının büstləri ya sökülüb, ya da güllələnərək yararsız hala salınıb.
Bu abidələr işğalçı tərəf üçün “Azərbaycan irsi”nin bir parçası kimi görüldüyündən etnik təmizləmə siyasətinin hədəfinə çevrilib.
Ermənistan tərəfi bəzi İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələri saxlamış olsa da, onlara öz ideologiyalarına uyğun dəyişikliklər edib. Qələbəni simvolizə edən abidələrin yanına terrorçu qruplaşma üzvlərinin abidələrini əlavə ediblər. Bu isə həmin komplekslərin ilkin beynəlxalq statusunu və xarakterini tamamilə dəyişib. Ağdərədə də eyni vəziyyət olub.
Ermənistan mediasının diqqətinə çatdıraq ki, Azərbaycan dövləti hazırda azad edilmiş torpaqlarda bütün tarixi abidələrin, o cümlədən İkinci Dünya Müharibəsinə aid olanların siyahıya alınması və bərpası ilə məşğuldur. Məsələn, Şuşada və digər şəhərlərdə xatirə komplekslərinin bərpası dövlət proqramına daxil edilib.
İndi isə işğal dövründə ermənilərin bu abidələri necə məhv etdiyini göstərək:
Füzuli şəhəri – İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidənin tamamilə dağıdılmış yeri,
Qubadlı şəhərində tamamilə dağıdılmış abidə,
Ağdam şəhərində tamamilə dağıdılmış abidə,
Cəbrayıl şəhərində müharibədə həlak olanların xatirəsinə ucaldılmış abidədən yeganə salamat qalan “1941-1945” yazılı element,
Zəngilan şəhərində abidədən qorunub saxlanılmış daş heykəllər.
İkinci Dünya Müharibəsi abidələri həmin kənd və şəhərlərin Azərbaycanın sovet dövrü tarixinə aid olduğunu göstərən canlı sübutlar idi. Onların məhv edilməsi məcburi köçkün düşmüş insanların geri qayıtmaq ümidini qırmaq və onlara məxsus yaddaşı yox etmək məqsədi güdürdü.
Beynəlxalq hüquq münaqişə zonalarında mədəni və tarixi abidələrin dağıdılmasını müharibə cinayəti hesab edir. 1954-cü il Haaqa Konvensiyası, Cenevrə Konvensiyaları və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu tarixi, dini və ya elmi abidələrə qəsdən hücum etməyi birbaşa müharibə cinayəti kimi təsnif edir.
Beynəlxalq hüquqda bunun bir adı var: İkinci Dünya Müharibəsi abidələrinin məqsədli şəkildə dağıdılması etnik nifrətin təzahürüdür. Bu abidələrin “görməzdən gəlinməsi” dövrü bitib, çünki artıq həmin ərazilər beynəlxalq ekspertlərin üzünə açıqdır. Gəlsinlər və görsünlər ki, əslində beynəlxalq cinayətə imza atan ermənilərdir.
Zaur Əliyev









