ABŞ-dəki seçkilər Zəngəzur dəhlizinin əhəmiyyətini azaltmayacaq – Deputat
ABŞ-də keçirilən seçkilərin nəticələri, Vaşinqtonun Cənubi Qafqaz siyasəti, Zəngəzur dəhlizi və İranla münasibətləri diqqət mərkəzindədir.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev ABŞ-dəki seçkilərin Azərbaycan və bütövlükdə region üçün mümkün nəticələrini şərh edib.
Deputat bildirib ki, ABŞ regiondakı proseslərə müəyyən təsir imkanlarına malik supergüc olduğundan, orada baş verən hadisələr maraq doğurur. Bununla belə, seçkilərin hansı səbəblərdən bu nəticə ilə yekunlaşdığı barədə fikir bildirməyi düzgün hesab etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu məsələ peşəkar amerikanşünasların araşdırma mövzusudur.
Sahib Alıyev qeyd edib ki, ABŞ Konqresində yeni qüvvələr nisbətinin formalaşmasını Zəngəzur dəhlizinin perspektivləri baxımından qiymətləndirərkən tələsmək lazım deyil.
Onun fikrincə, ABŞ-nin Zəngəzur dəhlizinə marağı yeni deyil və Vaşinqton hələ ötən əsrin 90-cı illərində, Azərbaycan torpaqları işğal altında olarkən bu layihəyə diqqət göstərib. Bayden administrasiyası dövründə də ABŞ-nin əsas hədəflərindən biri dəhliz üzərində nəzarət imkanlarını təmin etmək olub.
Deputat vurğulayıb ki, Azərbaycan bəlli səbəblərdən buna imkan verməyib:
“Demək ki, Konqresdə seçkinin necə bitməsindən, hətta Ağ Evdə kimin oturmasından asılı olmayaraq, ABŞ üçün Zəngəzur dəhlizi öz dəyərini itirməyəcək. Hər halda, mən belə düşünürəm”.
Sahib Alıyev ABŞ Konqresinə seçkilərin nəticələrinin ABŞ-İran qarşıdurmasına mümkün təsirlərinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Prezident Donald Trampın ətrafındakı bəzi şəxslər respublikaçıların seçkidə uğursuzluğunun səbəblərindən birini İranla qarşıdurmanın gözlənilən nəticə ilə yekunlaşmamasında görür və bu məsələdə müdafiə naziri Pit Heqseti günahlandırırlar.
Deputat hesab edir ki, bu amil İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatların olmayacağına tam zəmanət vermir. Onun sözlərinə görə, hətta genişmiqyaslı əməliyyatlar baş verməsə belə, Tehrandakı mövcud rejim hakimiyyətdə qaldığı müddətdə ABŞ-İran qarşıdurmasının davam etməsi ehtimalı yüksəkdir.
Sahib Alıyev Donald Trampın İranla bağlı təhdidlərinin reallaşmamasının həm İran, həm də bütövlükdə region üçün daha yaxşı olacağını vurğulayıb.
Deputat demokratların seçkidə uğur qazanmasını İranın İsrail, yaxud Fələstinin İsrail üzərində qələbəsi kimi təqdim edən yanaşmaları da tənqid edib. O bildirib ki, bu cür şərhlər real siyasi mənzərəni əks etdirmir.
Sahib Alıyev ABŞ-də seçilən bəzi siyasətçilərin Türkiyə və Azərbaycanla bağlı mövqelərinə də diqqət çəkib. O, ABŞ Senatının ilk müsəlman üzvü olacağı bildirilən Əbdül Əl-Sayedin ermənipərəst mövqeyini xatırladaraq, onun açıqlamalarının daşnak dairələrinin maraqlarına uyğun olduğunu iddia edib.
Deputat, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə sədrlik edəcək Qreqori Miksin Türkiyənin beşinci nəsil “KAAN” qırıcı təyyarəsi üçün ABŞ istehsalı olan reaktiv mühərriklərin satışına qarşı mövqeyini önə çəkib.
O, Senata seçilən yunan əsilli Kris Pappasın da Türkiyəyə hərbi texnologiyaların satışına qarşı çıxış etdiyini qeyd edib. Deputatın sözlərinə görə, hər iki siyasətçinin təmsil olunduğu Demokratlar Partiyası Türkiyənin “Halkbank”ına qarşı araşdırmaların yenidən aparılmasını tələb edir.
Bununla yanaşı, Sahib Alıyev Konqres seçkilərinin nəticələrinin ABŞ-İsrail münasibətlərinə də təsirsiz ötüşməyəcəyini düşünür. O bildirib ki, İsrailin aparıcı ekspertləri seçkinin nəticələrini Donald Tramp və Benyamin Netanyahu üçün ciddi zərbə kimi qiymətləndirir və Konqresin yeni tərkibinin İsrailə göstərilən dəstəyin həcminə təsir edə biləcəyini bildirirlər.
Deputatın fikrincə, bu dəyişikliklər ABŞ-nin Yaxın Şərqdə əsas müttəfiqinin İsrail əvəzinə Fələstin və ya İran olacağı anlamına gəlmir. O, həmçinin ABŞ-də yəhudi lobbisinin güclü mövqeyini qoruyub saxlayacağını və Azərbaycanla bağlı müəyyən siyasətçilərin səsləndirdiyi fikirlərin reallaşmasının qarşısını almaq istiqamətində dəstəyini əsirgəməyəcəyini bildirib.
Əli Fərhad









