media-30ba34c0-9033-4f5f-a98c-06266c4f8457

BMT-nin növbəti Baş katibinin müəyyənləşdirilməsi ətrafında diplomatik fəallığın artdığı bir vaxtda Azərbaycanın tutduğu mövqe diqqət çəkir.

Sabiq millət vəkili Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında Azərbaycanın əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin, daha sonra isə Türkiyənin namizədi, ATƏT-in hazırkı Baş katibi Feridun Sinirlioğlunun namizədlik təşəbbüslərini alqışlamasını şərh edib.

O bildirib ki, ilk baxışda bu yanaşma diplomatik qeyri-müəyyənlik təsiri bağışlaya və Azərbaycanın Türkiyənin ən yaxın strateji müttəfiqi olmasına baxmayaraq, Ankaranın namizədinə dərhal və birmənalı dəstək verməməsi kimi yozula bilər. Lakin məsələnin mahiyyətinə daha geniş diplomatik kontekstdən yanaşmaq lazımdır.

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, beynəlxalq diplomatik praktikada namizəd irəli sürmək, namizədliyi alqışlamaq və namizədi dəstəkləmək fərqli diplomatik-hüquqi hərəkətlər hesab olunur.

Hazırda BMT Baş katibi vəzifəsinə namizədlərin irəli sürülməsi prosesi gedir. Bu mərhələdə BMT-yə üzv olan hər bir dövlət fərdi qaydada və ya digər dövlətlərlə birlikdə namizəd irəli sürə bilər. Bununla yanaşı, hər bir dövlət namizədliyi irəli sürülmüş şəxslərə münasibətini müxtəlif formalarda ifadə etmək hüququna malikdir.

Bu münasibət namizədliyin nəzərə alınmasından tutmuş, onun alqışlanması, təqdir edilməsi, müdafiə olunması, namizədə tam dəstəyin ifadə edilməsi və ya onun lehinə səs veriləcəyinin bəyan edilməsinə qədər fərqli səviyyələrdə ola bilər.

Sabiq deputat qeyd edib ki, hər hansı şəxsin namizədliyinin irəli sürülməsinin alqışlanması diplomatik dildə müvafiq dövlətin təşəbbüsünə müsbət münasibəti ifadə etsə də, bu, həmin namizədin birmənalı dəstəklənməsi və ya onun lehinə səs veriləcəyinə dair öhdəlik kimi qiymətləndirilə bilməz.

Onun fikrincə, Azərbaycanın Xarici İşlər Nazirliyinin hər iki namizədin irəli sürülməsinə dair açıqlamalarında məhz bu yanaşma özünü göstərir. Rəsmi Bakı bununla hər iki şəxsin Baş katib vəzifəsinə layiq olduğunu ifadə edir, lakin hazırkı mərhələdə konkret namizədə üstünlük vermir.

Əlibəyli vurğulayıb ki, Azərbaycan seçim prosesində peşəkarlıq, diplomatik təcrübə, qərəzsizlik və konsensus yaratmaq qabiliyyətinin əsas meyarlar olmalı olduğunu önə çəkir. Bu isə ölkənin sonrakı mərhələlərdə diplomatik manevr imkanlarını qorumasına şərait yaradır.

Sabiq millət vəkili Azərbaycanın mövqeyini şərtləndirən bir neçə amilə də diqqət çəkib.

O bildirib ki, BMT Baş katibinin seçilməsi adi beynəlxalq təşkilat seçkilərindən fərqlənir. BMT Nizamnaməsinə əsasən, Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən təyin edilir. Təhlükəsizlik Şurasının beş daimi üzvündən hər hansı birinin etirazı olduğu halda, namizədin Baş Məclisə təqdim edilməsi mümkün olmur.

Əlibəylinin sözlərinə görə, Azərbaycan hazırda Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün namizədlərdən birinə əvvəlcədən siyasi dəstək ifadə etməsi əhəmiyyət daşısa da, bu, həmin şəxsin seçilməsinə birbaşa təsir göstərmir.

O, digər mühüm məqama da toxunaraq bildirib ki, BMT Nizamnaməsi Təhlükəsizlik Şurasının alternativ namizədlər siyahısı təqdim etməsini açıq şəkildə qadağan etməsə də, formalaşmış təcrübədə Baş Məclisə yalnız bir namizədin təqdim olunması qaydası üstünlük təşkil edir. Təhlükəsizlik Şurasında konsensusun əldə olunmaması isə yeni namizədlərin irəli sürülməsinə və diplomatik danışıqların davam etməsinə səbəb ola bilər.

Bu baxımdan, onun fikrincə, Azərbaycanın hazırkı mərhələdə konkret namizədə tam siyasi dəstək verməməsi diplomatik ehtiyatlılıq kimi qiymətləndirilməlidir.

Qulamhüseyn Əlibəyli Azərbaycanın həm Türkiyə, həm də Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinin xarakterinə də diqqət çəkib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir, BƏƏ isə ölkəmizin Yaxın Şərqdə inkişaf edən mühüm siyasi-iqtisadi tərəfdaşlarından biridir. Buna görə də hazırkı şəraitdə bu iki dövlətlə münasibətləri bir-birinə qarşı qoymaq düzgün yanaşma olmazdı.

Bununla belə, sabiq deputat vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri ilə Azərbaycan-BƏƏ münasibətləri eyni xarakter daşımır. Türkiyə ilə əlaqələr müttəfiqlik səviyyəsindədir və Şuşa Bəyannaməsi ilə siyasi-hüquqi çərçivəyə salınıb. Müttəfiqlik isə qarşılıqlı maraqların uzlaşdırılmasını nəzərdə tutur.

Onun fikrincə, beynəlxalq təşkilatlarda konkret namizədin dəstəklənməsi həmin təşkilatın seçki mexanizmindən, mövcud siyasi şəraitdən və namizədin real seçilmə perspektivlərindən də asılıdır. Bu səbəbdən Türkiyənin namizədinin Azərbaycanın siyasi dəstəyinə daha çox ümid etməsi təbiidir.

Əlibəyli hesab edir ki, Azərbaycanın seçki prosesinin son mərhələsində Türkiyənin namizədinə daha güclü siyasi dəstək verməsi gözləniləndir. Belə dəstək namizədliyin irəli sürüldüyü ilkin mərhələdə deyil, onun real seçilmə perspektivlərinin müəyyənləşdiyi vaxt daha böyük siyasi əhəmiyyət qazana bilər.

Sabiq millət vəkili sonda Azərbaycanın hazırkı mövqeyinin Türkiyənin namizədinə dəstək verməkdən imtina kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, bu mövqe beynəlxalq seçki prosesindəki qeyri-müəyyənlik və Azərbaycanın diplomatik manevr imkanlarını qorumaq istəyi ilə bağlıdır. Bakı bununla həm Türkiyə ilə strateji müttəfiqlik münasibətlərini, həm də digər tərəfdaşları ilə əlaqələrini nəzərə alaraq, sonrakı diplomatik qərarlar üçün imkanları açıq saxlayır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər