Avstraliyada hava limanını zəhərli ilanlar basdı
Avstraliyanın Şimal Ərazisində yerləşən Elis-Sprinqs Hava Limanı son həftələrdə zəhərli ilanların istilasına məruz qalıb.
ERAmedia xəbər verir ki, güclü sel və mövsüm normalarından yüksək temperatur səbəbindən təbii yaşayış yerlərindən uzaqlaşan ilanlar sərin və qorunan ərazilər axtararaq hava limanının terminalına daxil olublar.
Bölgədə ilanların tutulması ilə məşğul olan Rex Neindorf bildirib ki, hava limanının qeydiyyat məntəqələri, çıxış qapıları və sərnişin gözləmə zalları da daxil olmaqla, müxtəlif bölmələrində onlarla ilan tutublar.
Terminalın müxtəlif hissələrində aşkarlanan ilanlar arasında Avstraliyanın ən təhlükəli zəhərli növlərindən sayılan qərb qonur ilanları da olub.
Məlumata görə, bu növə aid iki ilan sərnişinlərin ümumi istifadə sahəsində və hava limanı əməkdaşlarının yerləşdiyi ofislərdən birində tutulub.
Hava limanının rəhbərliyi bölgədə müşahidə olunan güclü yağışların və sel hadisələrinin ilanların təbii yaşayış mühitinə mənfi təsir göstərdiyini bildirib.
Qeyd olunub ki, havanın temperaturunun yüksəlməsi də ilanların sərin məkan axtararaq terminal binasına üz tutmasına səbəb olub.
Hadisələrdən sonra hava limanında müşahidə və nəzarət tədbirləri gücləndirilib. Səlahiyyətli şəxslər ilanların görünə biləcəyi ərazilərin mütəmadi yoxlanıldığını, sərnişinlərin isə xəbərdarlıq lövhələri vasitəsilə məlumatlandırıldığını açıqlayıblar.
Terminalda çoxsaylı zəhərli ilanların tutulmasına baxmayaraq, indiyədək ilan sancması və ya xəsarətalma hadisəsinin qeydə alınmadığı bildirilib.
Vural









