media-whatsapp-image-2026-11-06-at-11-35-49

Milli Məclisin deputatı Tahir Mirkişili müharibədə oğlunu itirən bir saat ustasının təsirli hekayəsini sosial şəbəkə hesabında paylaşıb.

ERAmedia-nın məlumatına görə, Tahir Mirkişili paylaşımında 1918-ci ildə ABŞ-ın Yeni Orlean şəhərində inşa edilən dəmir yolu vağzalı üçün hazırlanan qeyri-adi saatın tarixçəsindən bəhs edib.

Deputatın paylaşımında qeyd olunur ki, vağzal üçün böyük saatın hazırlanması işi görmə qabiliyyəti zəif olan mahir bir saat ustasına həvalə edilib. Usta aylarla bu saat üzərində çalışdığı müddətdə müharibəyə sağ-salamat yola saldığı oğlunun ölüm xəbərini alıb. Oğlu cəbhədən evə tabutda qayıdıb. Ağır itkiyə baxmayaraq, usta işini yarımçıq qoymayıb və saatı hazırlamağa davam edib.

Nəhayət, saat tamamlanaraq vağzala yerləşdirilib. Açılış mərasimində ABŞ-ın o zamankı prezidenti Teodor Ruzvelt də iştirak edib. Saatın üzərindəki örtük götürüldükdə hamı onun qeyri-adi görünüşünə heyran qalıb. Lakin bir müddət sonra saatın əqrəblərinin geriyə doğru hərəkət etdiyi məlum olub.

Usta bunun texniki səhv deyil, düşünülmüş qərar olduğunu bildirib. O, bu addımını müharibədə həyatını itirən gənclərin yenidən ailələrinə qayıtması, yaşaması və gələcək qurması arzusu ilə izah edib.

“Kaş zaman geri dönəydi, müharibədə həyatını itirən gənclər yenidən evlərinə qayıda, işləyə, ailə qura və ömürlərini yaşaya bilərdilər. Bəlkə, mənim oğlum da geri gələrdi”, – deyə saat ustasının sözləri paylaşımda yer alıb.

Tahir Mirkişili paylaşımını şəhidlərə ehtiram ifadə edən sözlərlə yekunlaşdırıb:

“Allah bütün şəhidlərimizin ruhlarını şad etsin!”

Mələk Onur


media-adspc

Bənzər xəbərlər