Qazaxıstan TDT-yə Rusiyanın cəlb olunmasını niyə istəyir?
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel noyabrın 5-də bir qrup ekspertlə görüşərək iki ölkə arasında münasibətləri, regional əməkdaşlığı və Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyini müzakirə edib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında görüşün təfərrüatlarını bölüşərək bildirib ki, müzakirələr zamanı ticarət əlaqələrindən tutmuş təhsil və enerji əməkdaşlığına qədər müxtəlif məsələlər gündəmə gəlib.
Onun sözlərinə görə, səfir iki ölkə arasında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıb. Növbəti mərhələdə isə Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və Avropaya ötürülməsi nəzərdə tutulur.
Bununla yanaşı, görüşdə Azərbaycan-Qazaxıstan ticarət əlaqələrinin mövcud səviyyəsinin tərəflərin potensialına uyğun olmadığı da qeyd edilib.
Elxan Şahinoğlunun sözlərinə görə, ekspertləri ən çox maraqlandıran məsələlərdən biri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına cəlb olunması ilə bağlı təklifi olub.
Siyasi şərhçi bildirib ki, Alim Bayel əvvəlki görüşdə olduğu kimi, tələbəlik illərindən ən böyük arzusunun türk dövlətlərinin vahid təşkilatda birləşməsi olduğunu xatırladıb. Bununla belə, səfir Qazaxıstanın mövcud geosiyasi reallıqlarını da nəzərə almağın vacibliyini vurğulayıb.
Alim Bayel ölkəsinin Rusiya ilə minlərlə kilometr uzunluğunda sərhədə malik olduğunu xatırladaraq, Qazaxıstanın balanslaşdırılmış xarici siyasət yürütməyə üstünlük verdiyini bildirib. Səfir Tokayevin təklifinin Rusiyanın təşkilata tamhüquqlu üzv kimi deyil, şərti olaraq “TDT+” formatında cəlb edilməsi olduğunu diqqətə çatdırıb.
Elxan Şahinoğlu qeyd edib ki, görüş zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Gürşad Zorlunun bu məsələyə dair mövqeyi də xatırladılıb.
Gürşad Zorlu Rusiyanın TDT-yə üzvlüyünün mümkün olmadığını əsaslandırarkən təşkilata üzv və ya müşahidəçi olmaq istəyən dövlətin rəsmi dilinin türk dillərindən biri olmasının vacibliyini bildirmişdi. Rusiya isə bu şərtə cavab vermir.
Bundan başqa, Zorlu Rusiyanın 2015-ci ildə Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakutiya və Tatarıstanın TÜRKSOY-dakı fəaliyyətini dayandırması ilə bağlı qərarını da xatırlatmışdı. Şahinoğlunun qənaətinə görə, rəsmi Ankaranın bu mövqeyi Rusiyanın TDT-yə üzvlüyünün mümkün olmadığına dair açıq mesaj kimi qiymətləndirilə bilər.
Görüşdə müzakirə olunan digər mühüm məsələ Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq formatlarında təmsilçiliyi olub.
Səfir Alim Bayel Qazaxıstanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və “C5+1” formatında iştirakına dəstək verdiyini xatırladıb. O, bu barədə deyib:
“Mərkəzi Asiya ölkələrindən ilk olaraq Qazaxıstan Prezidenti 2025-ci ildə Azərbaycanın da Vaşinqtonda ABŞ-Mərkəzi Asiya sammitində iştirakını təklif etmişdi. Ancaq bütün məsələlər yalnız Qazaxıstandan asılı deyil”.
Elxan Şahinoğlu bildirib ki, o, səfirə ötən ilin dekabrında Tokioda və bu ilin sentyabrında Seulda keçirilən Mərkəzi Asiya sammitlərində Azərbaycanın təmsil olunmadığını xatırladıb. Alim Bayel isə cavabında “C5+1 formatında başqa dövlətlər də var” fikrini təkrarlayıb.
Siyasi şərhçinin qənaətinə görə, səfirin bu cavabı Azərbaycanın həmin formatlarda iştirakının yalnız Qazaxıstanın qərarından asılı olmadığını göstərir.
Elxan Şahinoğlunun görüşdən gəldiyi əsas qənaətlərdən biri də Türkiyə-Azərbaycan münasibətlərindəki son vəziyyətin Qazaxıstanı ciddi şəkildə narahat etməsidir.
Onun fikrincə, Astana Bakı ilə Ankara arasındakı münasibətlərdə yaranmış gərginliyin qısa müddətdə aradan qaldırılmasında maraqlıdır. Çünki iki qardaş ölkə arasındakı münasibətlərdəki böhrandan öz maraqları naminə istifadə etməyə çalışan digər dövlətlər bundan faydalana bilər.
Şahinoğlunun sözlərinə görə, Qazaxıstan səfirinin də bu narahatlığı bölüşdüyü görüş zamanı aydın hiss olunub.
Vüsalə









