media-17939701665665228878_1200x630

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən və fiziki şəxs Aysel İntiqam qızı Cümşüdovaya məxsus olan süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə ERAmedia – ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb.

Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.


media-adspc

Bənzər xəbərlər