Paytaxtda keçiriləcək yürüşlərlə bağlı sürücülərə müraciət edildi - BŞDYPİ
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı yol hərəkəti iştirakçılarına müraciət ünvanlayıb.
Bu barədə ERAmedia – ya idarədən məlumat verilib.
Bildirilib ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyənləşdirilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı;
II yürüş marşrutu: Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – “Azneft dairəsi” – Bəhram Gur heykəli;
III yürüş marşrutu: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı;
IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi;
“Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, həmin istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə müraciətdə vurğulanıb.









