Cəfər Cabbarlının etimadını qazanan aktyor və rejissorun anım günüdür
Bu gün aktyor və rejissor, Əməkdar incəsənət xadimi, Qorxmaz Əlilicanzadənin atası Məmməd Əilinin anım günüdür (1898–1993).
ERAmedia xəbər verir ki, Azərbaycan teatr və kino sənətinin inkişafında özünəməxsus iz qoyan sənətkar Cəfər Cabbarlının yaxın dostu və yaradıcılıq yolunun etibarlı silahdaşlarından biri olub.
1898-ci ildə İçərişəhərdə sadə və kasıb ailədə dünyaya gələn Məmməd Əilinin uşaqlıq illəri çətinliklərlə keçib. Onun həyatında dönüş nöqtəsi dramaturq Cəfər Cabbarlı ilə tanışlığı olub. Cabbarlı gəncin istedadını və bacarığını görərək onun təhsil almasına kömək edib, məktəbə cəlb olunmasına şərait yaradıb.
Sonralar təşkilatçılıq qabiliyyəti və xarakterik obrazları məharətlə canlandırması ilə seçilən Məmməd Əili peşəkar teatrın yaradılmasına dəstək vermək məqsədilə Çeçen-İnquş MSSR-ə ezam olunub. Burada uğurlu fəaliyyəti ilə diqqət çəkən sənətkar daha sonra Cəfər Cabbarlının dəvəti ilə Bakıya qayıdıb.
Həmin dövrdə çəkilişləri aparılan “Almaz” filmində rejissor assistenti kimi fəaliyyətə başlayan Əilinin Azərbaycan teatrında da xidmətləri böyük olub. O, Cəfər Cabbarlının səhnələşdirilən bütün tamaşalarının hazırlanmasında yaxından iştirak edib, dramaturqun yaradıcılıq ideyalarının səhnəyə daşınmasında mühüm rol oynayıb.
Məmməd Əili sənət fəaliyyəti ərzində 33 filmdə çəkilib, müxtəlif teatr tamaşalarında aktyor və rejissor kimi çalışaraq Azərbaycan mədəniyyətinə dəyərli töhfələr verib.
1993-cü ildə vəfat edən sənətkar zəngin yaradıcılıq irsi və Azərbaycan teatr-kino tarixindəki xidmətləri ilə xatırlanır.
Vüsalə









