ABŞ Konqresində erməni lobbisinin təsiri güclənir: Azərbaycanı hansı risklər gözləyir?
ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə demokratların qələbəsi Donald Trampın hakimiyyətə gəlişindən sonra normallaşmağa başlayan ABŞ-Azərbaycan münasibətlərini yenidən çətin vəziyyətə sala bilər.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, bu ehtimal təkcə demokratların ABŞ-ın daxili işlərinə müdaxilə siyasəti ilə deyil, həm də regiona Ermənistanın maraqları prizmasından yanaşması ilə bağlıdır.
Onun sözlərinə görə, Co Bayden administrasiyasının hakimiyyəti dövründə bunun nümunələri müşahidə olunub. Belə ki, Qarabağda Azərbaycanın suverenliyini bərpa etməsi prosesində həm qanunvericilik, həm də administrasiya səviyyəsində Bakıya qarşı mövqe sərgilənib. Eyni zamanda, Zəngəzur dəhlizi məsələsində Vaşinqton İrəvanın gündəliyindən çıxış edib, ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra isə Azərbaycana qarşı 907-ci düzəliş yenidən aktivləşdirilib.
Asif Nərimanlı qeyd edib ki, hazırda administrasiyada respublikaçılar təmsil olunsa da, demokratların Konqres vasitəsilə Azərbaycana qarşı bu siyasəti davam etdirməsi istisna deyil.
Siyasi təhlilçinin fikrincə, bu riski artıran əsas amillərdən biri Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəklədiyi namizədlərin əksəriyyətinin seçkilərdə qalib gəlməsidir. Belə ki, ANCA-nın dəstəklədiyi 64 namizəddən 7-si Senata, 50-si isə Nümayəndələr Palatasına seçilib.
O bildirib ki, əvvəlki təcrübə ANCA-nın dəstəyi ilə seçilən namizədlərin Azərbaycana qarşı fəaliyyət göstərdiyini deməyə əsas verir.
Asif Nərimanlı bu baxımdan Senata seçilən ilk müsəlman amerikalı Əbdül Əl-Səidin açıqlamalarına diqqət çəkib. Onun sözlərinə görə, Əl-Səidin qələbə çıxışında Azərbaycan məsələsinə toxunması və Tramp administrasiyasının Azərbaycana qeyd-şərtsiz hərbi yardımını beynəlxalq hüququn pozulması kimi təqdim etməsi diqqətçəkən məqamdır.
Əl-Səid senator kimi fəaliyyətində “erməni xalqının sülh, ləyaqət, təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcəyini” də bəyan edib.
Siyasi təhlilçi Senata seçilən Kris Pappası da bu istiqamətdə nümunə göstərib. Qeyd edib ki, ANCA tərəfindən fəaliyyətinə görə “A” kateqoriyası üzrə qiymətləndirilən Pappas “Qarabağ erməniləri”nin və Bakıda həbsdə olan erməni əsilli şəxslərin müdafiəçisi kimi çıxış edir. ANCA-nın dəstəklədiyi digər namizədlərin də oxşar mövqedə olduğu vurğulanıb.
Asif Nərimanlının qənaətinə görə, Konqresdə erməni lobbisinin təsiri altında olan dairələr Azərbaycanla bağlı əsasən üç istiqamətdə fəallaşa bilər:
– 907-ci düzəlişin yenidən aktivləşdirilməsi;
– “Qarabağ ermənilərinin hüquqları” ilə bağlı iddiaların gündəmə gətirilməsi;
– Bakıda hərbi cinayətlərə görə məhkum edilmiş erməni əsilli şəxslərin azad olunması tələbinin irəli sürülməsi.
Siyasi təhlilçi hesab edir ki, Konqresdəki erməni lobbisi bununla kifayətlənməyərək, sadalanan məsələlər üzrə Tramp administrasiyasının siyasətinə də təsir göstərməyə çalışacaq.
Əli Fərhad










