İranın Zəngəzur təhdidləri: Tehran Cənubi Qafqazda nəyə nail olmaq istəyir?
ABŞ-da aralıq seçkilərində Donald Trampın Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra İranda yaranan eyforiya Tehranın Cənubi Qafqazla bağlı ritorikasına da təsir edib.
ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva hesab edir ki, İran indiyədək olduğundan daha sərt üsluba keçib və Tehranın son açıqlamalarını hətta açıq mafiozluq kimi qiymətləndirmək olar.
Arzu Qazıyeva bildirib ki, Tehranda ABŞ-dakı seçkilərin nəticələrinin İrana Cənubi Qafqazda müstəsna səlahiyyətlər verdiyi düşünülür. Onun sözlərinə görə, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin son açıqlamaları da bu yanaşmanın göstəricisidir.
Vilayəti bəyan edib ki:
– İran Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab edir;
– Zəngəzur dəhlizi İranın xarici siyasətində “qırmızı xətlər”dən biridir;
– Ermənistanın Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunması səbəbindən Moskvanın Cənubi Qafqazın təhlükəsizliyinə daha az diqqət yetirəcəyini düşünməsi yanlış hesablama ola bilər;
– Tramp və müttəfiqləri İranın bu “qırmızı xətt”ini keçməyə cəhd etsələr, onların ayaqlarını qıracaqlar.
Araşdırmaçı jurnalistin fikrincə, hədəf birbaşa Ermənistan olsa da, Azərbaycan da bu təhdidlərin təsir dairəsindən kənarda qalmır. Çünki söhbət Azərbaycana da aidiyyəti olan TRIPP layihəsindən gedir.
Arzu Qazıyeva vurğulayıb ki, regional nəqliyyat kommunikasiyalarının açılması və yeni quru marşrutlarının yaradılması ideyası Donald Trampın hakimiyyətə gəlməsindən xeyli əvvəl gündəmdə olub.
Onun sözlərinə görə, qlobal ticarətdə okean yollarına alternativ kimi quru nəqliyyat dəhlizlərinin əhəmiyyəti artır, yeni marşrutların yaradılması isə dövlətlərin iqtisadi və geosiyasi maraqlarının tərkib hissəsinə çevrilir.
Jurnalist hesab edir ki, belə layihələrin reallaşması üçün yeni münasibətlərin qurulması, danışıqların aparılması və qarşılıqlı maraqların uzlaşdırılması vacibdir. Bu isə layihədən imtina etmək deyil, əksinə, onun üzərində işləyərək irəli aparmaq deməkdir. Arzu Qazıyevanın qənaətinə görə, Tehran gec-tez öz inadından əl çəkməli olacaq.
O, İranın Cənubi Qafqazın təhlükəsizliyini Rusiya ilə və ya Rusiyasız öz məsuliyyəti hesab etməsinə, özünü bölgənin sahibi və ya himayədarı kimi təqdim etməsinə də münasibət bildirib.
Araşdırmaçı jurnalistin fikrincə, Zəngəzur yolunu xarici siyasətinin “qırmızı xətti” adlandırmaq, Trampı və müttəfiqlərini təhdid etmək, başqa dövlətlərin taleyinə qərar vermək iddiası əslində həmin dövlətlərin suverenliyinə münasibətdə qırmızı xətti keçməkdir.
Arzu Qazıyeva qeyd edib ki, Tehranın bu cür açıqlamaları yeni deyil. Lakin İran Cənubi Qafqazın təhlükəsizlik qaydalarını özü müəyyənləşdirmək istəyərkən mühüm bir məqamı unutmamalıdır:
“Cənubi Qafqazın sahibi onun xalqları və müstəqil dövlətləridir. Onların da öz maraqları, istəkləri və qırmızı xətləri var”.
Vural










