Şuşanın iqtisadiyyatı Zəfərdən sonra 44 dəfə böyüyüb
İki gün sonra – noyabrın 8-də Azərbaycan tarixinin ən mühüm hadisələrindən birinin, Şuşa şəhərinin işğaldan azad olunmasının ildönümü qeyd ediləcək.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, 6 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ölkəmizin qürur mənbəyi olan Şuşa şəhərini işğaldan azad edərək tariximizin ən parlaq səhifələrindən birini yazıb.
Deputatın sözlərinə görə, Zəfərdən sonra işğaldan azad edilmiş digər yaşayış məntəqələrimiz kimi, Şuşa da genişmiqyaslı bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Son 6 ildə şəhərdə həyata keçirilən intensiv quruculuq işləri Şuşanın tarixi simasının və özünəməxsus ruhunun yenidən bərpasına mühüm töhfə verib.
Vüqar Bayramov qeyd edib ki, Şuşa artıq yalnız tarixi və mədəni irsimizin mühüm mərkəzi deyil, həm də iqtisadi inkişaf baxımından yeni mərhələyə qədəm qoymuş şəhərdir. Zəfərdən əvvəl Şuşanın iqtisadiyyatı əsasən rayonun respublikanın digər bölgələrində fəaliyyət göstərən müəssisələri hesabına formalaşırdı. Hazırda isə şəhər öz iqtisadi potensialını, istehsal imkanlarını və müstəqil inkişaf istiqamətlərini formalaşdırır.
Deputatın açıqlamasına əsasən, Zəfərdən sonra Şuşanın iqtisadiyyatı 44 dəfə böyüyüb. Belə ki, rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 18,5 milyon manat təşkil etdiyi halda, hazırda bu göstərici 800 milyon manatı ötüb.
Sənaye sektorunda da əhəmiyyətli artım qeydə alınıb. Zəfərdən əvvəl Şuşada sənaye istehsalının həcmi cəmi 15 min manat olduğu halda, hazırda rayonda 25 milyon manatdan çox emal sənayesi məhsulu istehsal edilir.
Tikinti sektoru isə Şuşanın iqtisadi dirçəlişində xüsusi paya malikdir. Əgər Zəfərdən əvvəl Şuşa müəssisələri tərəfindən 12,5 milyon manatlıq tikinti məhsulu və xidmətləri formalaşdırılmışdısa, hazırda bu göstərici 750 milyon manatı ötüb.
Vüqar Bayramov vurğulayıb ki, uzun illər işğal altında qaldığı dövrdə baxımsız vəziyyətə salınan Şuşa bu gün sürətli inkişaf yolu keçərək Qafqazın mühüm inkişaf mərkəzlərindən birinə çevrilir.
Deputatın fikrincə, əldə olunan nəticələr Şuşanın yalnız yenidən qurulmasını deyil, həm də onun iqtisadi potensialının tamamilə yeni səviyyəyə yüksəldilməsini nümayiş etdirir. Bu, bütövlükdə Qarabağ regionu üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Vural









