media-1775639775_abs-iran-hucum

ABŞ ilə İran arasında bir neçə gündür davam edən nisbi sakitlik başa çatıb. İran İordaniyada yerləşən ABŞ hərbi bazasını ballistik raketlərlə hədəfə aldığını açıqlayıb.

ERAmedia xəbər verir ki, İran tərəfi İordaniyadakı ABŞ bazasına 4 ballistik raket atıldığını bildirərkən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmin raketlərin hamısının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. CENTCOM hadisəni “gözlənilməz hücum cəhdi” kimi qiymətləndirib.

Qurumun bəyanatında “ABŞ qüvvələri yüksək hazırlıq vəziyyətini qoruyur və istənilən vəziyyətə cavab verməyə hazırdır” ifadəsi yer alıb.

İranın hücumu ABŞ Prezidenti Donald Trampın İrana zərbələrin dayandırıldığını bəyan etməsindən sonra baş verib. Son beş gecə ərzində tərəflər arasında qarşılıqlı hücumlar qeydə alınmamışdı.

CENTCOM-un məlumatına görə, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etmək üçün yönləndirildiyi bildirilən İran tərəfdarı silahlı qruplaşmaların mövqelərinə zərbələr endirilib.

Bildirilib ki, ABŞ və Səudiyyə Ərəbistanının hərbi təyyarələri İraqın şərqində həmin qruplaşmalara məxsus logistika mərkəzləri və silah anbarlarını hədəf alıb.

Açıqlamada qeyd olunub ki, bu əməliyyatlar son 72 saat ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun təşkil etdiyi bildirilən 30-dan çox pilotsuz uçuş aparatı (PUA) hücumuna cavab olaraq həyata keçirilib. ABŞ qüvvələrinə yönəlmiş hücumların isə uğursuz olduğu vurğulanıb.

CENTCOM-un məlumatına əsasən, 2026-cı ilin fevral-aprel aylarında İraqdakı İran tərəfdarı silahlı qruplaşmalar tərəfindən ABŞ vətəndaşlarına və obyektlərinə qarşı 600-dən çox hücum cəhdi qeydə alınıb.

Qurum İran İslam İnqilabı Keşikçiləri Korpusunu və onun dəstəklədiyi qruplaşmaları hücumları dayandırmağa çağıraraq, əks halda ABŞ-ın yeni hərbi əməliyyatlar keçirə biləcəyi barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Türki əl-Maliki də sosial şəbəkə hesabında yaydığı açıqlamada ölkənin hava hücumundan müdafiə sistemlərinin iyulun 27-də və ötən gün ölkənin Şərq bölgəsindəki və Ər-Riyadda yerləşən neft obyektlərini hədəf alan çoxsaylı PUA-ları məhv etdiyini bildirib.

Onun sözlərinə görə, həmin hücumlar İraq ərazisindən İran tərəfdarı silahlı qruplaşmalar tərəfindən həyata keçirilib. Türki əl-Maliki vurğulayıb ki, Səudiyyə Ərəbistanının özünü və strateji obyektlərini müdafiə etmək hüququ var və rəsmi Ər-Riyad “uyğun vaxtda və uyğun yerdə cavab vermək hüququnu özündə saxlayır”.

Maliki bildirib ki, BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri CENTCOM ilə koordinasiyalı şəkildə ölkənin neft obyektlərinə qarşı hücumlarda iştirak etdiyi iddia edilən İran tərəfdarı silahlı qruplaşmaların İraqdakı mövqelərinə dəqiq zərbələr endirib.

O əlavə edib ki, Səudiyyə Ərəbistanı gərginliyin artmasında maraqlı deyil, lakin ölkəyə qarşı istənilən hücuma cavab verəcək.

Bu arada, “Həşdi Şəbi” qüvvələri ABŞ və Səudiyyə Ərəbistanı ordularının İraqın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 8 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.


media-adspc

Bənzər xəbərlər