media-1779784094451024062_1200x630

Bu dəqiqələrdə Ermənistanın bütün ərazisində seçki məntəqələri açılır və iştirak edən bütün siyasi qüvvələrin taleyüklü adlandırdığı ümumi parlament seçkilərində səsvermə başlayır.

ERAmedia  xəbər verir ki, vətəndaşlar öz vətəndaşlıq borclarını Yerevan vaxtı ilə saat 20:00-dək yerinə yetirə biləcəklər. Ölkə hüdudlarından kənarda səsvermə keçirilmir.

Saat 12:00-dan etibarən Ermənistan Mərkəzi Seçki Komissiyası hər 3 saatdan bir seçici fəallığı barədə məlumat verəcək (1 saatlıq gecikmə ilə; yəni günorta saat 12:00-da vətəndaşların saat 11:00-a qədər olan iştirakı barədə məlumat açıqlanacaq və bu qaydada davam edəcək).

Gözlənilir ki, təxminən saat 23:00-dan etibarən MSK ucqar kənd seçki məntəqələrindən daxil olan ilk nəticələri dərc etməyə başlayacaq. Lakin bu nəticələr ümumi mənzərəni əks etdirməyəcək. Əvvəlki seçkilərin çoxillik təcrübəsinə əsasən demək olar ki, yeni parlamentdə siyasi qüvvələrin nisbəti gecə saat 02:00–03:00 radələrində, iri şəhərlərdən, o cümlədən seçicilərin üçdəbirinin yaşadığı paytaxt Yerevandan nəticələr daxil olduqca daha aydın görünməyə başlayacaq.

Səslərin elektron hesablanması iyunun 8-i səhər saat 08:00-da başa çatacaq.

Ermənistan parlamenti proporsional seçki sistemi əsasında, yəni yalnız partiya siyahıları üzrə formalaşdırılır. IX çağırış Ermənistan Milli Məclisində yer uğrunda 18 siyasi qüvvə- 16 partiya və 2 partiya bloku mübarizə aparır.

Parlamentə keçid üçün seçki baryeri partiyalar üçün 4 faiz, partiya blokları üçün isə 8 faiz təşkil edir.

Xatırladaq ki, etibarsız sayılan, o cümlədən qəsdən korlanmış seçki bülletenləri seçkilərin yekun nəticələrinin hesablanmasında nəzərə alınmır. Faiz göstəriciləri hesablanarkən 100 faiz kimi bütün siyasi qüvvələrə verilmiş etibarlı səslərin cəmi götürülür. Bu səbəbdən etibarsız bülletenlər seçki iştirakçılarının faiz nisbətlərinə təsir göstərmir.


media-adspc

Bənzər xəbərlər