Atəşkəs, yoxsa taktiki geri çəkilmə? – “Kim qalib gəldi?” sualı açıq qalır
ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşması “kim qalib gəldi” sualı ətrafında müzakirələri daha da gücləndirib.
ERAmedia-nın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, hər iki tərəfin özünü qalib elan etməsinə baxmayaraq, reallıq daha mürəkkəb və ziddiyyətlidir.
Onun sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası Vaşinqton üzərində qələbə qazandıqlarını iddia edir və ABŞ-ın Tehranın 10 maddəlik planını qəbul etdiyini irəli sürür. Bu plan çərçivəsində İranın Hörmüz boğazına nəzarətinin saxlanılması, uranın zənginləşdirilməsinin tanınması, sanksiyaların ləğvi və bölgədən Amerika qüvvələrinin çıxarılması kimi şərtlər yer alır.
Lakin ekspert hesab edir ki, bu iddialar reallıqdan uzaqdır. O qeyd edir ki, sözügedən şərtlər ABŞ-ın irəli sürdüyü 15 maddəlik planına cavab olaraq hazırlanmışdı və tərəflər razılığa gələ bilmədiyi üçün hərbi əməliyyatlar davam etmişdi.
Asif Nərimanlı vurğulayıb ki, atəşkəs razılaşmasının ABŞ-ın genişmiqyaslı hücuma hazırlaşdığı bir vaxtda əldə olunması, müəyyən mənada İranın geri çəkildiyini göstərir. Bununla belə, o əlavə edib ki, bu geri çəkilmə ABŞ-ın tam qələbəsi və ya İranın təslimi kimi qiymətləndirilə bilməz.
Ekspertin fikrincə, ABŞ da müharibədə qarşıya qoyduğu əsas hədəflərə nail ola bilməyib. Xüsusilə İran rejiminin mövcudluğunu qoruyub saxlaması fonunda Vaşinqtonun “100 faizlik qələbə” iddiaları inandırıcı görünmür.
O bildirib ki, münaqişə zamanı İranın Hörmüz boğazını bağlaması qlobal iqtisadi təzyiq yaradıb və bu amil ABŞ-ın prioritetlərini dəyişməsinə səbəb olub. Nəticədə Vaşinqton üçün əsas məqsəd boğazın açılması və danışıqlar masasında üstünlük əldə etmək olub.
Məhz bu kontekstdə əldə olunan atəşkəs razılaşması çərçivəsində ABŞ hücumları dayandırır, İran isə Hörmüz boğazını açır.
Asif Nərimanlı hesab edir ki, prosesin real nəticələri yalnız danışıqlar mərhələsində aydın olacaq. Onun sözlərinə görə, diplomatik proseslərdə “mütləq qalib” anlayışı mövcud deyil və tərəflər sülh üçün qarşılıqlı güzəştlərə getməlidir.
Siyasi şərhçi əlavə edib ki, İran üçün qələbə anlayışı klassik hərbi-siyasi meyarlardan fərqlənir. Onun fikrincə, İran rejimi üçün bütün itkilərə baxmayaraq hakimiyyətin qorunması qələbə kimi təqdim olunur, halbuki ABŞ üçün məqsədlərə çatmamaq daha çox uğursuzluq kimi qiymətləndirilir.
Vural









