Bakıda doğulan sovet neft nəhəngi – Baybakov kim olub?
Nikolay Baybakov sovet dövrünün neft sənayesində mühüm iz qoymuş azərbaycanlılardan biri kimi tarixə düşüb.
ERAmedia xəbər verir ki, onun adı İkinci Dünya Müharibəsi illərində SSRİ-nin yanacaq təminatının təşkilindən tutmuş ölkənin neft sənayesinin idarə olunmasına qədər bir sıra mühüm proseslərlə bağlıdır.
1911-ci ildə Bakının Sabunçu qəsəbəsində neftçi ailəsində dünyaya gələn Baybakov əmək fəaliyyətinə doğma şəhərinin neft mədənlərində mühəndis kimi başlayıb. Gənc mütəxəssis qısa müddətdə özünü istehsalat sahəsində bacarıqlı təşkilatçı kimi göstərərək rəhbər vəzifələrə yüksəlib.
1938-ci ildə ümumittifaq neftçilər müşavirəsində çıxışı isə onun karyerasında dönüş nöqtələrindən biri hesab olunur. Həmin tədbirdə rəhbərlik etdiyi “Leninneft” trestində tətbiq edilən və neft hasilatının artırılmasına imkan verən texnologiyadan danışan Baybakovun adı sonradan bu üsulla əlaqələndirilib və metod “Baybakov metodu” kimi tanınıb.
Bu uğur onun daha yüksək dövlət vəzifələrinə irəli çəkilməsinə şərait yaradıb. Baybakov müxtəlif illərdə SSRİ xalq neft sənayesi komissarı, neft sənayesi naziri, Dövlət Plan Komitəsinin sədri və SSRİ Nazirlər Soveti sədrinin müavini kimi çalışıb. O, eyni zamanda bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı seçilib.
Baybakovun fəaliyyətinin ən mühüm mərhələlərindən biri Böyük Vətən müharibəsi illərinə təsadüf edib. 1942-ci ildə o, ön və arxa cəbhənin yanacaq-sürtkü materialları ilə təmin olunmasına cavabdeh müvəkkil təyin edilib.
Həmin dövrdə Qafqazın neft ehtiyatları strateji əhəmiyyət daşıyırdı. Alman qoşunlarının neft rayonlarına yaxınlaşması fonunda yataqların düşmən əlinə keçməsinin qarşısının alınması sovet rəhbərliyi üçün əsas məsələlərdən birinə çevrilmişdi.
Baybakov öz xatirələrində Stalinlə həmin illərdəki görüş və söhbətlərindən bəhs edib. Onun yazdıqlarına görə, sovet lideri neft hasilatının davam etdirilməsinin müharibənin taleyi baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb. Stalinlə telefon danışığı zamanı ona qısa müddətdə yeni neft yataqlarının istismara verilməsi tapşırılıb.
Müharibənin ən ağır mərhələsində Baybakov Qafqazdakı neft mədənlərinin düşmən tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün görülən tədbirlərin də rəhbərliyində yer alıb. Onun xatirələrində Stalin tərəfindən bu məsələnin son dərəcə ciddi şəkildə qarşıya qoyulduğu qeyd edilir.
Baybakov gənc yaşlarında Moskvada yüksək dövlət vəzifələrində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanla əlaqələrini davam etdirib. O, ölkənin neft tarixini və doğma Bakını yaradıcılığında da əks etdirib.
Onun yazdığı əsərlərdən biri “Mənim Vətənim Azərbaycandır” adlanır. Baybakov uzun müddət Rusiya-Azərbaycan Dostluq Komitəsinə rəhbərlik edib və iki ölkə arasında əlaqələrin inkişafında iştirak edib.
Sovet hakimiyyətinin müxtəlif mərhələlərində yüksək vəzifələr tutan Baybakov siyasi sistemdəki dəyişikliklərə baxmayaraq uzun illər dövlət idarəçiliyində qalıb. Onun karyerası Stalin dövründən başlayaraq sonrakı sovet rəhbərləri, o cümlədən Mixail Qorbaçovun hakimiyyəti illərinədək davam edib.
Nikolay Baybakov 2008-ci ildə 97 yaşında Moskvada vəfat edib. O, Novodeviçye qəbiristanlığında dəfn olunub.
Uzun illər davam edən dövlət və əmək fəaliyyətinə görə Baybakov müxtəlif yüksək mükafatlarla təltif edilib. O, Sosialist Əməyi Qəhrəmanı adına, altı Lenin ordeninə, Oktyabr İnqilabı ordeninə və iki Qırmızı Əmək Bayrağı ordeninə layiq görülüb. Müstəqil Azərbaycan tərəfindən isə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
Bakıda da onun xatirəsi yaşadılır. 2017-ci ildə Sabunçu qəsəbəsində yerləşən 67 nömrəli tam orta məktəbin qarşısında Nikolay Baybakovun büstü qoyulub. Bundan başqa, onun adı sovet dövründə gəmilərdən birinə də verilib.
Neft sənayesindəki fəaliyyəti, müharibə illərindəki rolu və uzunmüddətli dövlət idarəçiliyi Nikolay Baybakovu XX əsrin sovet neft tarixinin diqqətçəkən simalarından birinə çevirib.
Vüsalə









