Bakıda Ümumdünya Statistika Günü qeyd olunub
Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, Dövlət Statistika Komitəsinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycanın da həmmüəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli Qətnaməsinə uyğun olaraq beş ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə də təntənəli şəkildə qeyd edilir.
“Qlobal mütərəqqi təşəbbüslərə böyük önəm və töhfə verən Azərbaycanda Ümumdünya Statistika Günü ilk dəfə 2015-ci ildə təntənəli şəkildə qeyd olunub. Bu ilin sentyabrın 24-26-da Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilib. Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətlərinin, tanınmış elmi ictimaiyyət xadimlərinin və ekspertlərin iştirak etdikləri forum milli statistika sistemlərinin inkişafı, rəsmi statistika sahəsində yeni hədəflərin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşımış, eləcə də qlobal statistik təşəbbüslərin, beynəlxalq və qabaqcıl təcrübələrin bölüşülməsində səmərəli platforma kimi beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə öz töhfəsini verib.
Fürsətdən istifadə edərək forum iştirakçılarına ünvanlandığı müraciətə, Ümumdünya Statistika Günü münasibətilə təbrikinə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha ölkə statistikləri adından təşəkkürümü bildirirəm. Qeyd etmək istərdim ki, ölkə başçısının müraciətində statistikanın əhəmiyyətinin ildən-ilə artaraq cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün mühüm vasitələrdən birinə çevrildiyini vurğulaması, Azərbaycanda milli statistika sisteminin ardıcıl şəkildə inkişaf etdirildiyi, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalının daim diqqət mərkəzində saxlanıldığı barədə dəyərli fikirlər bildirməsi statistikləri ruhlandırmaqla yanaşı, ölkəmizin gələcəyi naminə düzgün qərarların qəbul olunması üçün statistika məlumatlarının vaxtında və keyfiyyətlə hazırlanması ilə bağlı məsuliyyətimizi daha da artırır”, – deyə komitə sədri vurğulayıb.
Tahir Budaqov bildirib ki, rəsmi statistikaya olan inam və etibarın qorunub saxlanılması, rəsmi statistikanın əsas prinsiplərinə sadiq qalaraq və “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarını rəhbər tutaraq bəşəriyyətin gələcəyi naminə düzgün qərarların qəbul olunması üçün statistik məlumatların vaxtında və keyfiyyətlə hazırlanaraq istifadəçilərə təqdim edilməsi bu gün statistiklərin qarşısında duran ən mühüm vəzifədir:
“Müsbət haldır ki, ölkələrin sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsi üçün informasiya təminatında xüsusi rola malik olan milli statistika sistemləri təşəkkül tapdığı dövrdən etibarən beynəlxalq səviyyədə müəyyən edilmiş fundamental dəyərləri qoruyub saxlamış və böyük inkişaf yolu keçərək daim yeni perspektiv hədəflərə doğru irəliləmişdir. Milli və qlobal çağırışlara layiqincə cavab verməyi özünün əsas hədəfi hesab etməklə qlobal statistika ailəsinin bir üzvü kimi Azərbaycanın milli statistika sistemi də son illər ərzində daim tərəqqiyə can atıb, ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib”.
Komitə sədri çıxışının sonunda fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq rəsmi statistika istehsalı prosesinə öz töhfəsini verən hər bir şəxsi bu əlamətdar gün münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Təbirdə çıxış edən Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev Ümumdünya Statistika Günü ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən gənclər arasında statistikaya marağın artırılması, onlar arasından statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında keçirilən statistik olimpiadanın xüsusi əhəmiyyətindən bəhs edərək belə tədbirlərin gənclər üçün statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatları əldə etmək imkanları yaratdığını bildirib.
Statistik olimpiadanın yekunlarına dair hesabat məruzəsi ilə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini, təşkilat komitəsinin sədri Yusif Yusifov qeyd edib ki, olimpiadada ümumilikdə 3355 şagird, 198 tələbə iştirak edib: “Şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələrinə görə, Qusar rayonu Hil kəndi Kərim Kərimov adına tam orta ümumtəhsil məktəbin 11-ci sinif şagirdi Qurbanova Günel Yafəs qızı 1-ci, Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbin 11-ci sinif şagirdi Novruzov Suat Ziya oğlu 2-ci, İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin 9-cu sinif şagirdi Alışov Əli Elməddin oğlu 3-cü, tələbələrdən isə Bakı Ali Neft Məktəbi, “Biznesin idarə edilməsi” ixtisası, 5-ci kurs tələbəsi Xəlilli Murad Çingiz oğlu 1-ci, 4-cü kurs tələbəsi Aslanov Arif Mirabbas oğlu 2-ci, Azərbaycan Dövlət Aqrar Universiteti, “Marketinq” ixtisası, 3-cü kurs tələbəsi Hacıyev Ülvi Qubad oğlu 3-cü yeri tutub”.
Statistik olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub xatirə şəkilləri çəkilib. Daha sonra Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə təltif edilmiş komitə əməkdaşlarına orden və medallar təqdim olunub.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.